"Biz Azərbaycanın işğal altında olan torpaqlarını qaytarmaqla bağlı ədalətli səylərini dəstəkləyirik". Bu barədə iyunun 7-də Moskvada keçirilmiş mətbuat konfransında İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlu Trend in müxbirinin suallarını cavablandırarkən bəyan edib.
"Biz tərəflər arasında istənilən sülh danışıqlarını dəstəkləyirik. Biz Azərbaycanı dəstəkləyir və Ermənistanı münaqişənin həllinə çalışanlarla beynəlxalq arenada - ATƏT MQ, AB, BMT və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa çağırırıq", - deyə o bildirib.
E.İhsanoğlu Azərbaycanın İKT-də sədrliyi ilə bağlı fikrini də bildirib: "İKT-nin Bakıda xarici işlər nazirləri səviyyəsində keçiriləcək növbəti sammitində Azərbaycanın sədr ölkə kimi roluna gəlincə, biz buna çox şadıq. Fikrimcə, İKT XİN başçılarının bu il Bakıda təşkil olunacaq görüşündə bir çox mühüm aspektlər nəzərə alınacaq. İlk dəfədir ki, əvvəllər kommunist rejiminin hökm sürdüyü keçmiş SSRİ ölkəsində belə bir görüş keçiriləcək. Buradan 2 nəticəyə gəlmək olar: islam bütün dünyada mötədilliyə, ekstermist təzahürlərdən uzaq olmağa çağırır, digər tərəfdən isə bütün müsəlmanlar unudulmadıqlarını hiss edəcək. İKT bütün dünyada olan həmməhzəbləri ilə həmişə birlikdədir. Düşünürəm ki, bu mövqeni yaxın keçmişdə müstəqillik qazanmış və İKT-yə qoşulmuş bütün ölkələr bölüşür. İstər Qafqazda, istərsə də Mərkəzi Asiya və ya Avropada keçirilməsindən asılı olmayaraq belə görüşlərdən bir nəticə çıxır: islam mötədilliyə, bütün dinlərin bir araya gəlməsinə səsləyir".
İranda yaşayan azərbaycanlıların narahatlıqlarına gəlincə, o, müvafiq məlumata malik olmadığını qeyd edib. "Ancaq deməliyəm ki, belə məsələlərin həllində biz buna əsaslanırıq: biz dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır, bütün ölkələri insan hüquqlarına hörmət etməyə və belə məsələlərin sülh yolu ilə həllinə çağırırıq".