Azərbaycan İslam Partiyasının (AİP) sentyabrda keçirəcəyi qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Bu barədə Trend ə AİP sədri Hacı Hacıağa Nuri bildirib.
H.Nuri qeyd edib ki, artıq partiyanın 10 rayon təşkilatında konfransların keçirilməsi planlaşdırılıb: "Qurultayın sentyabrın hansı günündə keçiriləcəyini ipndidən söyləmək çətindir. Konfranslar başa çatdıqdan sonra partiyanın Ali Məclisində qurultayın dəqiq günü müəyyənləşdiriləcək". H.Nuri onu da qeyd edib ki, hər dəfə yer problemi qurultayın keçirilməsinə mane olub. Partiya sədri vurğulayıb ki, əgər qurultay nümayəndələrinin sayı çox olarsa onda Bakının möhtəşəm mədəniyyət saraylarının birində tədbirlərini keçirəcəklər.
AİP sədri onu da qeyd edib ki, qurultayda Siyasi Şura və Ağsaqqallar Şurasının yaradılması də nəzərdə tutulub. H.Nuri partiyanın nizamnaməsində də bir sıra dəyişikliklərin ediləcəyini bildirib. O, qurultaydan sonra partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə yenidən müraciət ediləcəyini də qeyd edib.