...

Heydər Əliyev Fondunun əsas məqsədi xüsusi diqqətə ehtiyacı olan şəxslərə qayğı göstərməkdir

Siyasət Materials 12 İyun 2006 21:03 (UTC +04:00)
Heydər Əliyev Fondunun əsas məqsədi xüsusi diqqətə ehtiyacı olan şəxslərə qayğı göstərməkdir

YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yarandığı vaxtdan bəri əsas məqsədi xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaqlara və əhalinin daha zəif təbəqələrinə kömək etməkdir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana - yeni məktəblər", "Talassemiyasız həyat", "Diabetdən əziyyət çəkən uşaqlara qayğı", "Uşaq evləri və internat məktəblərinin inkişafı" kimi bir sıra iri proqram və layihələrin gerçəkləşdirilməsini davam etdirir.

"Yeniləşən Azərbaycana - yeni məktəblər" proqramı çərçivəsində ucqar rayon və kəndlərdə artıq 132 məktəb tikilib, ikinci mərhələdə isə daha 100 məktəbin inşası planlaşdırılır.

"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramına müvafiq olaraq Bakı və ölkə bölgələrində bütün internat məktəbləri təmir olunaraq, lazımi avadanlıqla təmin edilib.

Heydər Əliyev Fondu fəaliyyətinin digər uğurlu aspekti beynəlxalq əməkdaşlıq səviyyəsinə çıxışdır. 2005-cı ilin dekabrında BMT İnkişaf Proqramı ilə "Kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi" layihəsi üzrə müqavilə imzalanıb.

Heydər Əliyev Fondunun icraçı direktoru, layihənin milli koordinatoru Anar Ələkbərov Trend agentliyinin müxbirilə söhbətdə layihənin məqsədi və gerçəkləşdirilməsi barədə danışıb.

Onun sözlərinə görə, büdcəsi 418.000 ABŞ dolları təşkil edən layihə BMT İnkişaf Proqramı ilə birlikdə həyata keçirilir. Layihənin məqsədi kor və zəif görən şəxslərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi sahəsində imkanlarını genişləndirmək, eləcə də onların təhsilə çıxışını təmin etmək və məşğulluq səviyyəsini artırmaqdır. Layihənin gerçəkləşdirilməsi nəticəsində kor və görmə qabiliyyəti zəif olan şəxslər üçün Rəqəmsal Fərqin Aradan Qaldırılması üzrə Milli Strategiyanı işləyib hazırlamaq və icra etmək məqsədilə Azərbaycanda həmin adamların İKT ehtiyaclarının müəyyənləşdirilməsi gözlənilir.

Layihənin gerçəkləşdirilməsi məqsədilə xüsusi işçi qrupu yaradılıb ki, onun tərkibinə milli koordinator, menecer, beynəlxalq ekspert, milli ekspert, texniki ekspert, treninqlər üzrə ekspert və layihə köməkçisi daxildir. Layihə çərçivəsində kor və görmə qabiliyyəti zəif olan adamların İKT ehtiyaclarına dair sorğu keçirilir, onlara yardım edən dövlət və qeyri-hökumət təşkilatları ilə müzakirələr aparılır, məsləhət üçün beynəlxalq ekspertlər dəvət edilir, alınmalı olan avadanlıq və proqram təminatının texniki parametrləri müəyyən edilir. Bundan əlavə, fəaliyyət planı hazırlanıb və texniki məsələlər üzrə Milli Ekspertlərin Məşvərət Şurası təsis edilib.

Eyni zamanda Bakının Nərimanov rayonunda yerləşən kor uşaqlar üçün internat məktəbdə xüsusi kompüter avadanlığı ilə təchiz olunmuş sinfin yaradılması nəzərdə tutulub. Bundan əlavə, proqram təminatının lokallaşdırılması, kor və zəif görmə qabiliyyəti olan adamlar üçün beynəlxalq ekspertlərin təcrübəsindən istifadə edərək tədris-təlim proqramlarının hazırlanması, internetə çıxışın təmin edilməsi də planlaşdırılır.

Həmçinin kor və zəif görmə qabiliyyəti olan adamlar üçün Kitabxana və Təlim Mərkəzinin yaradılması, onların audio materiallar və Brayl şriftli kitablarla təmin edilməsi nəzərdə tutulub. Müəllimlər üçün treninqlər təşkil etmək planlaşdırılır.

A.Ələkbərov qeyd edib ki, Fondla BMT İP arasında layihə sənədi imzalandıqdan dərhal sonra layihənin icrası üzrə qrup yaradılıb. Lazımi avadanlıq və kompüter texnikasının seçilməsi və alınması üçün tender keçirilib. Hazırda xüsusi avadanlıq almaq məqsədilə dünyanın aparıcı istehsalçıları ilə danışıqlar aparılır. Layihəni bu ilin sonunda başa çatdırmaq nəzərdə tutulub, lakin bu prosesi tezləşdirmək üçün mümkün olan hər şey edilir. Layihə ekspertləri kor və zəif görmə qabiliyyəti olan adamların təhsil və məşğulluq probleminin optimal həll variantlarını müəyyənləşdirmək məqsədilə cəmiyyətə inteqrasiya sahəsində aparıcı ölkələrin təcrübəsini öyrənməyi planlaşdırır. Bununla əlaqədar ilk səfər Frankfurta (Almaniya) təşkil edilib. Nümayəndə heyəti kor və zəif görmə qabiliyyəti olan adamlar üçün sərgi-konfransda iştirak edib. Bu tədbirdə iştirak əlavə məlumat əldə etməyə, xüsusi kitabxana və siniflərin fəaliyyətilə tanış olmağa, xüsusi texnologiya istehsalçıları ilə əlaqə yaratmağa imkan verib. A.Ələkbərovun dediklərinə görə, bu səfər nəticəsində Brayl sistemli xüsusi avadanlığın, xüsusilə, orqanayzer, videolayt, printer və monitorların alınmasına qərar verilib. Videolayt - qurgunun obyektivinə düşən təsviri dəfələrlə böyütməyə imkan verən çoxfunksiyalı köməkçidir. Kitabsevər -kompakt - kömpüterin mürəkkəb idarə olunmasını öyrənməkdə maraqlı olmayan oxucular üçün nəzərdə tutulub. O, kitabxanaların oxu zallarında istifadə üçün idealdır. İstifadəçilər Braylla nəşr edilməmiş kitabları oxumağa imkan verir. Bunun üçün adi kitabı skanerin üzərinə qoymaq lazımdır. 10-20 saniyədən sonra "kitabsevər" mətni oxumağa başlayacaq.

Bundan əlavə, xüsusi printer və monitorların alınması da planlaşdırılır. Fondun prezidenti M.Əliyeva layihə sənədində nəzərdə tutulmamış ixtisaslaşdırılmış monitorların siyahıya salınmasında şəxsən təkid edib.

İnternat-məktəbin şagirdlərilə yanaşı, kor və görmə qabiliyyəti zəif olan başqa yaş kategoriyasının nümayəndələri də internetdən istifadə edə biləcək. Həmçinin kompüterdən istifadənin təhlükəsizliyi təmin ediləcək, bina xüsusi mebel ilə təchiz olunacaq və müşayiət edənlər üçün xüsusi gözləmə zalı ayrılacaq.

Layihə koordinatorunun dediklərinə görə, hazırda Azərbaycanda rəsmi olaraq 30 mindən çox kor və zəif görmə qabiliyyətli adam qeydə alınıb, qeyri-rəsmi statistikaya əsasən isə, bu rəqəm 40 mindən artıqdır. Respublikada cəmi 2 internat məktəb fəaliyyət göstərir (Bakı və Naxçıvan). A.Ələkbərov deyib ki, kor və zəif görmə qabiliyyəti olan uşaqlar üçün uşaq bağçasının təşkili də ehtimal olunur. Hazırda bu ideya Fond tərəfindən nəzərdən keçirilir və çox ehtimal ki, yaxın vaxtlarda onun gerçəkləşdirilməsi üzrə layihə hazırlanacaq.

Layihənin gerçəkləşdirilməsi zamanı Fond Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Korlar Cəmiyyəti kimi dövlət qurumları və bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Heydər Əliyev Fondunun BMT İP ilə əməkdaşlığı davam etdirəcəyi istisna deyil. Bu beyənlxalq təşkilatın rəsmi nümayəndələri Fondla əməkdaşlıqdan məmnundur və birgə fəaliyyəti genişləndirmək niyyətindədir. Bu barədə Trend ə BMT İP-nin Azərbaycandakı daimi nümayəndəsinin müavini Devid Ayzenberq deyib. "Biz Heydər Əliyev Fondunun rəhbər rolu və mövqeyindən olduqca razıyıq, həmçinin Azərbaycan hökumətinin kor və zəif görmə qabiliyyəti olan şəxslərin informasiyalı cəmiyyətə çıxışla təmin edilməsi sahəsindəki səylərini dəstəkləyirik, çünki kompüterdən istifadə və internetə çıxış onların sosial inteqrasiya və məşğulluq imkanlarını genişləndirəcək, eləcə də həyat səviyyələrini xeyli artırmağa köməklik göstərəcək" - deyə o qeyd edib.

Sonda A.Ələkbərov bildirib ki, Heydər Əliyev Fondunun fəaliyyətinin məqsədi əsasən xüsusi dəqqətə ehtiyacı olan şəxslərə qayğı göstərməkdir və gələcəkdə bütün səylər əhalinin müxtəlif zəif təbəqələrinə bərabər imkanlar verilməsinə yönəldiləcək ki, bu da onların həyat səviyyəsi və funksionallığını normal həddə çatdırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti