Trend in verdiyi xəbərə görə, mayın 13-də Avropa Şurası (AŞ) Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun üzvləri Azərbaycanın müxalifət partiyalarının nümayəndələri ilə görüşüb.
Görüşün yekunlarına görə "Müsavat" partiyasının sədri İsa Qəmbərin qeyd etdiyi kimi, görüşdə Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə məsələlər, o cümlədən, 2005-ci ilin noyabr ayında keçirilmiş parlament seçkiləri və 13 may 2006-cı ildə keçirilən təkrar seçkilərin gedişatı və yekunları müzakirə olunub. Həmçinin Azərbaycanda jurnalist hüquqlarının qorunma məsələləri üzrə fikir mübadiləsi olub.
Öz növbəsində, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib ki, "Aqo" qrupunun üzvləri ilə görüşdə AŞ Parlament Assambleyasının yanvar sessiyasında qəbul olunmuş 1480-ci qətnamənin şərtlərinin Azərbaycan tərəfindən yerinə yetirilmə məsələləri müzakirə edilib. "Avropa Şurası Azərbaycanın bu struktur qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilmə monitorinqinə görə məsuliyyət daşıyır", - deyə Ə.Kərimli vurğulayıb.
Azərbaycan Demokratik Partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlu şərh verməkdən imtina etdi.