...

Stokholmda alternativ DAK-ın qurultayı keçirilir

Siyasət Materials 24 İyun 2006 15:01 (UTC +04:00)

İyunun 24-də İsveçin paytaxtı Stokholmda alternativ DAK-ın qurultayı keçirilir. Qurultay barədə Trend ə həmin təşkilatın sədr müavini Teymur Eminbəyli məlumat verib.

O bildirib ki, qurultay saat 9.30-da işinə başlayıb. T.Eminbəylinin sözlərinə görə, müxtəlif ölkələrdən gələn nümayəndələrdən ibarət olmaqla qurultayda 143 nəfər iştirak edir. Əvvəlcə qurultayın sədarəti seçilib. Sonra təşkilatın sədri Məhəmməd Rza Xeştinin hesabat çıxışı olub. Sədr təşkilatın ötən qurultaydan bəri gördüyü işlər barədə hesabat verib. Sonra gündəliyə əsasən, Güney Azərbaycanda baş verən hadisələr, azərbaycanlıların keçirdiyi kütləvi etiraz aksiyaları, öz hüquqları uğrunda apardıqları mübarizə və onlara qarşı edilən təzyiqlər, həbslər barədə danışılıb. Həmçinin Qarabağ münaqiəsi, Azərbaycan ərazisinə erməni təcavüzü, eyni zamanda dünya azərbaycanlılarının problemləri, onların birliyinin təmin olunması və diaspor təşkilatları ilə iş aparılması kimi məsələlər barədə də çıxışlar olacaq. Azərbaycan Respublikasının diaspor siyasəti barədə də danışılacaq. Qurultayın işində təşkilatın adının dəyişdirilməsi məsələsinə də baxılacaq. T.Eminbəylinin bildirdiyinə görə, irəli sürülən təkliflər sırasında qurumun "Dünya Azərbycanlılarının Demokratik Konqresi", yaxud "Azərbycanlıların Demokratik Konqresi" adlandırılması kimi təkliflər var. Qurultayın işi davam edir.

Qeyd edək ki, qurultay sabah - iyunun 25-də də davam etdiriləcək və bu toplantıda təşkilatın İdarə Heyəti, Nəzarət Təftiş Komissiyasına seçkilər keçiriləcək. Rəhbər strukturlar yenidən formalaşdırıldıqdan sonra bəzi səlahiyyət bölgüləri aparılacaq, bu sahədə bir sıra dəyişikliklər ediləcək. Sonda qurultayın mövzularına dair bir neçə qətnamə və türk dövlətlərinin başçılarına müraciətlər qəbul olunacaq. Qurultaydan sonra İranın Stokholmdakı səfirliyinin qarşısında mitinq keçiriləcək.

Xatırladaq ki, 2003-cü ildə DAK-dan ayrılmış bu qrup M.R.Xeştinin sədrliyi ilə indiyədək DAK adı ilə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti