...

Gürcüstan səfiri: BTC-nin açılışı Gürcüstan üçün böyük iqtisadi, siyasi və sosial əhəmiyyət daşıyır

Siyasət Materials 3 İyul 2006 15:40 (UTC +04:00)
Gürcüstan səfiri: BTC-nin açılışı Gürcüstan üçün böyük iqtisadi, siyasi və sosial əhəmiyyət daşıyır

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı Gürcüstanda ən vacib hadisə hesab edilir. Kəmərin istismara verilməsi Gürcüstan üçün nəinki iqtisadi, həm də siyasi və sosial əhəmiyyət daşıyır. Bu barədə Gürcüstanın Qazaxıstan və Qırğızıstandakı fövqaladə və səlahiyyətli səfiri Zurab Şurqaiya Trend in Astanadakı xüsusi müxbirinə eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, iqtisadi əhəmiyyət ondan ibarətdir ki, Gürücstan həmin layihədə tranzit dövlət qismində çıxış edir və neftin onun əraisindən keçdiyinə görə böyük maliyyə vəsaitləri əldə edəcək.

"Qazaxıstanın BTC-yə qoşulmasını Gürcüstanda da alqışlayırlar. Kəmər vasitəsilə nə qədər çox neft nəql olunarsa, Tbilisi də tranzitə görə o qədər çox gəlir əldə edər" - deyə səfir vurğulayıb.

Mütəxəssislərin hesablamalarına görə, BTC vasitəsilə neft nəqlindən Gürcüstan 40 il ərzində təxminən $2,5 mlrd. almağa ümid edir.

Səfirin fikrincə, siyasi əhəmiyyət ondan ibarətdir ki, neft boru kəmərinin istismarı mövcud münaqişələrin nizamlanması və regiondakı sabitliyin qorunub saxlanılmasına müsbət təsir göstərəcək.

"BTC keçdiyi regionlardakı münaqişələrin nizamlanmasında müsbət rol oynayacaq. Layihəyə böyük vəsait qoyulub və şirkətlər vasitəsilə bu layihəyə investisiya yatıran ölkələrə kəmərin təhlükəsizliyinə dair zəmanət lazımdır. Buna görə həmin ölkələr regionda sabitliyin bərqərar edilməsinə öz tövhəsini verəcək. Bundan əlavə, Gürcüstan özü də bu gün sürətlə inkişaf edir və regionda mövcud olan münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində ciddi addımlar atır" - deyə Z.Şurqaiya bildirib.

Kəmərin sosial əhəmiyyətinə gəldikdə Z. Şurqaiya deyib: "Neft boru kəmərinə xidmət göstərilməsi üçün yerli əhali cəlb olunacaq ki, bu da yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq". Bundan əlavə, "təbiətin mühafizəsi üçün də tədbirlər görüləcək".

"Cənubi Qafqaz qaz boru kəməri layihəsinə gəldikdə, bunun da Gürcüstan üçün böyük əhəmiyyəti var, çünki biz gəlirdən başqa tranzitə görə qaz da alacağıq. Qazaxıstanın bu layihəyə qoşulması da bizim üçün vacibdir, çünki Astana "KazTransQaz" vasitəsilə "Tbilqaz"ı alıb və Qazaxıstan tərəfi də respublikada məhz öz qazının alınmasında maraqlı olacaq", - deyə Z.Şurqaiya qeyd edib.

Onun sözlərinə görə, bu layihə Gürcüstana alternativ qaz mənbəyi verərək onun enerji təhlükəsizliyini təmin edəcək, Qazaxıstan üçün isə xammalı Avropaya çatdırmaq üçün əlavə yoldur.

Xəbər lenti

Xəbər lenti