...

Fikrət Məmmədov: Bu ilin birinci yarısında Ədliyyə Nazirliyi 1000-ə yaxın qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verib

Siyasət Materials 5 İyul 2006 17:11 (UTC +04:00)
Fikrət Məmmədov: Bu ilin birinci yarısında Ədliyyə Nazirliyi 1000-ə yaxın qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verib

Cari ilin birinci yarısında Ədliyyə Nazirliyi tərəfindən 1000-ə yaxın qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilib. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iyulun 5-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, nazirlik tərəfindən 70 normativ-hüquqi aktın layihəsi hazırlanıb, 75 normativ-hüquqi və normativ xarakterli akt ekspertizadan keçiriib. Son 5 il ərzində isə 544 qanun və digər normativ-hüquqi aktın layihəsi hazırlanıb və 3583 belə sənədə rəy verilib.

"Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yaxşılaşdırılması məqsədilə nazirliyin internet saytı interaktiv rejimə keçirilmiş, vətəndaşların elektron müraciətlərinin, habelə yeni açılmış "qaynar" telefon xətləri vasitəsilə daxil olan müraciətlərə operativ baxılması təmin edilib. Ümumiyyətlə, cari ilin birinci yarısında Ədliyyə Nazirliyində 8.000-ə yaxın müraciətə baxılıb, 3.000 vətəndaş Nazirlikdə qəbul edilib, o cümlədən 365-i rəhbərlik tərəfindən, onların problemlərinin həlli üzrə konkret tədbirlər görülüb. Təkrar müraciətlərin sayı azalıb" - deyə nazir qeyd edib.

F.Məmmədovun sözlərinə görə, notariat və VVADQ orqanları tərəfindən göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Nazirliyin təşəbbüsü əsasında bu sahədə qanunvericilik təkmilləşdirilərək bir sıra normativ hüquqi aktlar qəbul edilib, işin müasir tələblər səviyyəsində qurulması üçün notariat və VVA orqanlarının strukturu təkmilləşdirilib. "Ötən ildə notariat orqanlarında 907.155 hərəkət, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair isə 136.575 əməliyyat rəsmiləşdirilib və onlar üzrə müvafiq olaraq 3,5 milyon AZN (17,6 milyard AZM) və 240.000 AZN (1,2 milyard AZM) məbləğdə dövlət rüsumu ödənilib" - deyə F.Məmmədov söyləyib.

Xəbər lenti

Xəbər lenti