...

Prezident İlham Əliyev Türkiyədə ABŞ rəsmiləri, Gürcüstan və Türkiyə prezidentləri ilə görüşüb

Siyasət Materials 12 İyul 2006 20:45 (UTC +04:00)
Prezident İlham Əliyev Türkiyədə ABŞ rəsmiləri, Gürcüstan və Türkiyə prezidentləri ilə görüşüb

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyulun 12-də ABŞ energetika nazirinin müavini Kalen Halbert, ABŞ-ın dövlət katinin enerji məsələləri üzrə müavini Stiven Mənn, Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşüb. Trend İTV-yə istinadən xəbər verir ki, görüşdə ABŞ energetika nazirinin müavini K.Halbert Azərbaycan prezidentinə ABŞ prezidenti Corc Buşun salamlarını çatdırıb.

Danışıqlar zamanı regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi məsələləri müzakirə edilib. K.Halbert bildirib ki, ABŞ bu layihəyə önəm verir. Azərbaycanın enerji təzhizatı işində rolunun artması və böyük qlobal layihələrin işə başlaması əməkdaşlığı daha da genişləndirir. Prezident İlham Əliyev ABŞ-ın Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsində yüksək rolunun olduğunu deyərək bildirib ki, bu layihənin reallaşması regionda enerji sahəsində yeni bir mərhələ olacaq.

Həmin gün Azərbaycan prezidenti eyni zamanda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində iştirak etmək üçün Türkiyədə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüşüb. Daha sonra prezident ayrı-ayrılıqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyənin prezidenti Əhməd Necdət Sezərlə danışıqlar aparıb. Bu görüşlərdən sonra Azərbaycan və Gürcüstan prezidentləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla üçtərəfli danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti