İyulun 14-də Beynəlxalq Mətbuat Mərkəzində professor Musa Qasımlının "Heydər Əliyev- istiqlala gedən yol" adlı kitabının təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, tədbirdə Prezident Aparatının, Milli Məclisin, ayrı-ayrı dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların nümayəndələri, ziyalılar iştirak ediblər.
Akademik Seyfəddin Qəndilov qeyd edib ki, iyulun 14-ü ümummilli lider, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündür. Onun sözlərinə görə, Azərbaycanın inkişafı, tərəqqisi də 1969-cu il iyulun 14-dən başlanğıc götürüb. Akademik bildirib ki, Musa Qasımlının təqdim olunan yeni kitabı heydərşünaslığın, Heydər Əliyev irsinin öyrənilməsi, tədqiq olunmasına verilən töhfədir. Kitab Heydər Əliyevin fəaliyyətinin nisbətən az öyrənilən dövrünü 1969-cu ildən 1987-ci ilədək olan mərhələni əhatə edir, o dövrkü tarixi, reallıqları, görkəmli dövlət xadiminin ölkənin inkişafındakı rolunu əks etdirir.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, sözügedən kitab H.Əliyev barəsində yazılmış elmi-tədqiqatlara, tarixi faktlara, arxiv materiallarına əsaslanan fundamental əsərlər sırasına qoşulub. B.Muradova əlavə edib ki, müəllif Azərbaycanın 60-cı illərdəki problemlərini, ağır durumunu gündəmə gətirib, sonra hakimiyyət başına gələn H.Əliyevin qarşısında duran çətin, məsuliyyətli vəzifələri icra etməsindən danışır. Vitse-spiker ümumilli liderin Azərbaycan dövlətini və xalqını dünya səviyyəsində tanınmışlar sırasına çıxardığını, hakimiyyəti dövrlərində xalqı ağır durumdan çıxaran cəsarətli, bacarıqlı rəhbər olduğunu vurğulayıb. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov Azərbaycan tarixinin son onilliklərinin məhz Heydər Əliyevlə bağlı olduğunu, onun sayəsində ölkəmiz qısa müddətdə sürətli inkişaf etdiyini deyib. Ə.Əhmədovun sözlərinə görə, H.Əliyevin fəaliyyəti təkcə Azərbaycanın iqtisadi, sosial sahədə inkişafı deyil, həm də xalqın müstəqilliyi, özünü dərk etməsi istiqamətinə yönəlmişdi: "Heydər Əliyevin sayəsində Azərbaycan hər gün azadlığına doğru addımlayır".
Prezident Aparatı ictimai-siysai şöbənin müdiri Əli Həsənov 1969-cu il 14 iyul tarixindən Azərbaycanda yeni bir dövr başlandığını, H.Əliyevin özünün fəaliyyətinin isə bir neçə mərhələyə bölündüyünü deyib. Əli Həsənovun sözlərinə görə, Azərbycanın bugünkü inkişafında, problemlərinin aradan qalxmasında köməyinə çatan potensialı məhz H.Əliyevin Sovet illərində hakimiyyətdə olduğu dövrlərdə yaranıb: "Heydər Əliyev həm də o dövrdə Azərbaycanın müstəqilliyi üçün mümkün olan hər şeyi edib. Onun fəaliyyətinin 1969-87-ci illərinə həsr olunmuş bu kitab isə təriflərdən uzaq, sırf tarixi faktlara əsaslanan, təhlillər aparılan müstəqil monoqrafiyadır".
Digər çıxışçılar da kitabın ideya və məxmunundan, H.Əliyev irsindən danışıblar. Qeyd edək ki, kitabın məsləhətçisi tarix elmləri doktoru professor Ramiz Mehdiyev, elmi redaktoru professor Əli Həsənovdur.