Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) "Barış və özgürlük" azadlıq bayramında iştirak etmək üçün Lefkoşaya gələn Türkiyə Cmühuriyyətinin baş naziri Rəcəb Taib Ərdoğan Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən bayram tədbirində iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Aynur Quliyeva bildirib.
Qeyd edək ki, Milli Məclisin üzvlərindən Gültəkin Hacıyeva, Sabir Hacıyev, Əkrəm Abdullayev, Aydın Abbasov və Aynur Quliyeva QKTC-nin "Barış və özgürlük" azadlıq bayramında iştirak etmək üçün iyulun 20-də Lefkoşaya gedib.
A.Quliyeva bildirib ki, bayram tədbirlərində iştirakdan sonra millət vəkilləri bir sıra əhəmiyyətli görüşlər keçiriblər: "Biz Türkiyənin baş naziri və onun xanımı, QKTC-nin prezidenti, baş naziri, parlament sədri, cümhuriyyətin eks-prezidenti Rauf Denktaş ilə səmərəli görüşlər keçirdik. Eyni zamanda digər türk respublikalarından tədbirə qatılan nümayəndələrlə də söhbətlər apardıq".
Millət vəkili bildirib ki, görüşlərdə tərəflərarası münasibətlərin genişlənməsi və inkişafı əsas müzakirə mövzusu olub. Azərbaycan nümayəndə heyəti iyulun 23-də vətənə qayıdacaq.