Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün indiyədək Mərkəzi Seçki Komissiyasına yerli və beynəlxalq müşahidəçilərdən müraciət daxil olmayıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Yerli müşahidəçilərin qeydiyyatını aparan MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva bildirib ki, hələ onlara heç bir ərizə daxil olmayıb. Onun sözlərinə görə, ərizələr MSK-da ümumi şöbəyə daxil olur, sonra sədr tərəfindən imzalandıqdan sonra hüquq şöbəsinə göndərilir. Bu günədək hüquq şöbəsinə heç bir müşahidəçinin ərizəsi daxil olmayıb. İ.Hacıyeva qeyd edib ki, müşahidəçilərin MSK-da qeydiyyat müddəti səsvermə gününə 10 gün qalmış başa çatacaq: "Görünür, hələ müddətin başa çatmasına xeyli vaxt qaldığtı üçün müşahidə aparmaq üçün müraciət etməyə tələsmirlər".
MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da deyib ki, beynəlxalq təşkilatlardan, xarici ölkələrdən müşahidəçiliklə bağlı şöbəyə hər hansı müraciət edilməyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların və MSK-nın əməkdaşlıq etdiyi xarici təşkilatların, ikitərəfli sazişlər bağladığı ayrı-ayrı ölkələrin Mərkəzi Seçki Komissiyalarının bələdiyyə seçkilərində müşahidə aparacaqları gözlənilir.