...

Baş nazir müavini: Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsi üzrə iqtisadi göstəriciləri razılaşdırmaq üzrədir

Siyasət Materials 28 İyul 2006 19:53 (UTC +04:00)
Baş nazir müavini: Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsi üzrə iqtisadi göstəriciləri razılaşdırmaq üzrədir

Bir ay ərzində Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlikləri Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsi üzrə iqtisadi göstəriciləri razılaşdıracaq. Bu barədə, Trend ə Azərbaycan baş nazirinin müavini Abid Şərifov eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstan layihənin Türkiyə tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırması ilə bağlı təkliflərini yubadır. Gürcüstan bu təklifləri hələ bir ay bundan əvvəl təqdim etməli idi, lakin indiyə qədər heç bir təklif daxil olmayıb.

Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin bu həftə Astanada keçirilən görüşündə, eləcə də ekspert qruplarının bundan əvvəl Tbilisidə təşkil olunan görüşündə şərtlərin razılaşdırılması məsələsinin tezləşdirilməsinə toxunulub.

"Layihənin razılaşdırılması ilə bağlı yubanmalara baxmayaraq, mən hesab edirəm ki, bu məsələ bir ay müddətində həll olunacaq, çünki bu sərt nəzarət altındadır" - deyə A.Şərifov vurğulayıb. Bundan sonra layihənin birbaşa həyata keçirilməsi üçün korporasiya və ya səhmdar cəmiyyət yaradılacaq.

Baş nazir müavininin fikrincə, maliyyələşdirmə ilə problem yaranmayacaq. Maliyyə məsələləri tikinti və maliyyələşdirmə ilə məşğul olacaq xüsusi təşkilatın təsis edilməsindən sonra həll olunacaq, çünki hər dövlət xarici borc üçün ayrı-ayrılıqda müraciət edə bilməz.

"Xüsusi orqan, çox ehtimal ki, Türkiyədə yerləşəcək. Biz bu orqanı Azərbaycanda da yerləşdirməyə hazırıq" - deyə A.Şərifov vurğulayıb.

Layihənin orta dəyəri $400 mln. həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti