İlin sonunadək Avropa Birliyi ilə qonşuluq siyasəti çərçivəsində fəaliyyət planının imzalanacağı gözlənilir. Trend xəbər verir ki, bu barədə Avropa evinin Azərbaycandakı koordinatoru Volfqanq Şporrer bildirib.
O qeyd edib ki, indi həmin sənədin təfərrüatları müzakirə olunur. Fəaliyyət planı imzalandıqdan sonra - 2007-ci ildə Avropa Birliyi Azərbaycana ayırdığı maliyyə vəsaitlərinin məbləğini artıracaq.
Onun sözlərinə görə, TASİS proqramı bu il MDB ölkələrində, o cümlədən Azərbaycanda öz işini tamamlayacaq və əməkdaşlıq üzrə yeni proqram başlanacaq. Bu proqram TASİS proqramının davamı olacaq, onu təkrarlamayacaq. Yeni proqram çərçivəsində yeni layihələr nəzərdə tutulub və həmin proqram çərçivəsində Azərbaycanın maliyyələşdirilməsi artacaq.
V.Şporrerin qeyd etdiyi kimi, 2006-cı ildə TASİS proqramı çərçivəsində Azərbaycana 22 mln. avro ayrılıb. Bu vəsaitlər yalnız Azərbaycan üçün ayrılıb və bölgə layihələrinə aid deyildi.