...

BMT-nin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" qətnaməsinin yerinə yetirilməsi üçün Azərbaycanda hökumətlərarası işçi qrupu yaradılıb

Siyasət Materials 8 Sentyabr 2006 17:16 (UTC +04:00)

Rəsmi Bakı beynəlxalq ictimaiyyətin ali forumu olan BMT-nin yekdilliklə Azərbaycanın təşəbbüsünü dəstəkləməsindən və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" qətnaməsini qəbul etməsindən razıdır. Bu barədə Trend ə Azərbaycan XİN-nin Mətbuat və İnformasiya İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, bu məsələnin mühümlüyünü dərk edərək, Azərbaycanda bu qətnamənin yerinə yetirilməsi ilə məşğul olacaq hökumətlərarası işçi qrupu yaradılıb. Ölkənin nazirlik və idarə rəhbərlərinin daxil olduğu qrupun birinci iclası artıq bu gün keçiriləcək. "Bizim üçün vacib olanı yalnız bu qətnamənin qəbul edilməsi faktı deyil, həm də bu yanğınların regional, bəlkə də daha geniş miqyaslı ekoloji fəlakətə çevrilməsinə yol verməmək üçün konkret addımların atılmasıdır. Ona görə biz artıq indidən qətnamənin yerinə yetirilməsi üçün konkret addımlara əl atmışıq", - deyə T.Tağızadə bildirib və xüsusi olaraq qeyd edib ki, sənəddə region dövlətlərinə yanğınların yayılmasına yol verməmək üçün beynəlxalq yardımın zəruriliyi vurğulanıb.

T.Tağızadə xatırladıb ki, bir gün əvvəl BMT Baş Assambleyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" qətnaməsi səsverməyə çıxarılmadan qəbul olunub. Assambleya "Azərbaycanın işğal olunmuş ərazilərindəki" yanğınlardan, eləcə də onun vurduğu geniş ekoloji ziyandan ciddi narahat olduğunu bildirib və bu yanğınların söndürülməsi və fəsadlarının aradan qaldırılması üçün təxirəsalınmaz ekoloji əməliyyatlar aparmağa çağırıb. Baş Assambleya "ekoloji əməliyyatlara addım kimi, yanğının ətraf mühitə vurduğu ziyanı qiymətləndirmək üçün" ATƏT-in regiona missiya göndərmək niyyətini də nəzərə alıb. "Bu məqsədlər üçün tərəflərin əməkdaşlığa hazır olmasını" alqışlayan Baş Assambleya bu əməliyyatı "etibarın möhkəmlənməsinin mühüm tədbiri" adlandırıb.

Baş Assambleya Ətraf mühitin mühafizəsi üzrə BMT Proqramını ATƏT-lə əməkdaşlıqda "lazım olan bütün yardımları göstərməyə, o cümlədən regionda ətraf mühitin pisləşməsinin qısa və uzunmüddətli fəsadlarının qiymətləndirilməsində, ona qarşı fəaliyyətdə, eləcə də ətraf mühitin bərpa olunmasında köməklik etməyə" çağırıb. Təşkilat ATƏT-in fəaliyyətdə olan sədrindən BMT-yə üzv olan ölkələrə 2007-ci il aprelin 27-nə kimi bu məsələ ilə bağlı məruzə təqdim etməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti