...

AMİP-in bölgə nümayəndələri və sədrin müşavirləri təyin olunacaq

Siyasət Materials 13 Sentyabr 2006 12:36 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ölkə üzrə bölgə nümayəndələri və sədrin müşavirləri təyin olunacaq. Bu barədə Trend ə AMİP-in sədri Ayaz Rüstəmov məlumat verib.

O bildirib ki, AMİP-in artıq baş katibi, Mərkəzi Şuranın sədri, Siyasi Şura üzvləri seçilib, katiblər təyin olunub. Bələdiyyələrlə iş üzrə yeni katiblik yaradılıb. Növbəti həftə isə partiya sədrinin müşavirləri və AMİP-in zonalar üzrə səlahiyyətli nümayəndələri təyin olunacaq.

A.Rüstəmov qeyd edib ki, müşavirlərin sayı ilə bağlı AMİP-in Nizamnaməsində konkret rəqəm göstərilməyib. Müşavirlər lazım bilindiyi qədər sayda olacaq. Zonalar üzrə səlahiyyətli nümayəndələr isə bölgələrin sayından asılı olacaq: "Məsələn, Azərbaycanın şimal bölgəsi üzrə səlahiyyətli nümayəndənin AMİP-in Quba rayon təşkilatının sədrinin olması nəzərdə tutulur. Hər bir zona üzrə səlahiyyətli nümayəndələrin həmin bölgədə nüfuzunun olması, partiya sıralarında səmərəli xidmət göstərməsi əsas şərtdir. Bu kriteriyaları əsas götürərək bir neçə rayonu əhatə edən bölgə nümayəndələri təyin olunacaq. Həmçinin AMİP-in yerli strukturlarının fəaliyyətinin gücləndirilməsi, Güney Azərbaycanda gedən milli hərəkata dəstək vermək üçün planların müzakirə olunması nəzərdə tutulub. Güney Azərbaycan üzrə də nümayəndə təyin etməyimiz istisna deyil" - deyə AMİP sədri A.Rüstəmov qeyd edib.

Qeyd edək ki, müxalifəti təmsil edən Milli İstiqlal Partiyası 1992-ci ildə yaradılıb və Azərbaycanda dövlət qeydiyyatından keçən ilk partiyadır. Partiyanın qurucusu Etibar Məmmədov 2004-cü ilin sonunadək partiyanın sədri olub. 2005-ci ildə keçirilmiş növbədənkənar qurultayda sədr müavini olan Əli Əliyev AMİP-in sədri seçilib. Sonradan partiyadaxili qalmaqallar nəticəsində 2006-cı ilin yanvarında yenidən qurultay çağırılıb və Ə.Əliyev sədrlikdən uzaqlaşdırılıb, Ayaz Rüstəmov AMİP-in sədri seçilib.

Xəbər lenti

Xəbər lenti