Sentyabrın 10-da Çernoqoriya Respublikasında (Montenoqro) keçirilən parlament seçkilərində Azərbaycanın Mərkəzi Seçki Komissiyasının nümayəndələri də müşahidəçi qismində iştirak ediblər. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqədər şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.
Qeyd edək ki, bu il Çernoqoriyada referendum keçirilib və ölkə Montenoqro adlandırılaraq öz müstəqilliyini elan edib. Müstəqillik qazandıqdan sonra ilk seçki sentyabrın 10-da keçirilən parlament seçkiləri olub.
MSK-nın şöbə müdiri Rövzət Qasımov ATƏT-in beynəlxalq müşahidəçilər missiyasının tərkibində Çernoqoriyada qısamüddətli müşahidəçi kimi iştirak edib. O, bu ölkədə təxminən bir həftə müddətində səfərdə olub: "ATƏT müşahidəçiləri ilə birlikdə mən Bar bələdiyyəsi adlanan ərazidə müşahidə apardım. Seçkinin müşahidələrinin nəticələri beynəlxalq missiyanın hesabatında əksini tapıb və ATƏT-in rəsmi saytında yerləşdirilib. ATƏT-in müşahidə prosedurları da belədir ki, bu qurumun missiyası çərçivəsində müşahidə aparan şəxslər ayrı-ayrılıqda seçkinin gedişinə, nəticələrinə dair bəyanatlar vermirlər. Yəni, öz müşahidələrinə dair açıqlamalar vermirlər və müşahidəçilər ATƏT-in ümumi rəyinə tabe olurlar"-deyə R.Qasımov bildirib.