Cənubi Koreyanın Seul şəhərində Asiya ölkələrinin siyasi partiyaları Beynəlxalq konfransının 4-cü Baş Assambleyasının sentyabrın 7-10-da keçirilən iclasında qəbul edilən Seul Bəyannaməsinə təcavüzkarlığın pislənilməsi və ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi müddəası salınıb. Trend xəbər verir ki, bu barədə konfrasda iştirak edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov sentyabrın 15-də partiyanın gərargahında keçirdiyi mətbuat konfransında bildirib.
Ə.Əhmədov qeyd edib ki, konfrans bütövlükdə Asiyada sülh və inkişaf məsələlərinə həsr edilib. Konfransın işində Asiyanın 36 ölkəsini təmsil edən hakim partiya nümayəndələri iştirak edib. Ə.Əhmədov onu da bildirib ki, konfrasda Asiya ölkələrində sülh, inkişaf problemləri, münaqişələr və onların aradan qaldırılması problemləri müzakirə olunub.
YAP rəsmisi vurğulayıb ki, Dağlıq Qarabağ probleminin nəticələri və ermənilərin işğalçı siyasəti ilə bağlı konfransın başlanmasından iki ay öncə Baş Assambleyaya məktub göndərilib: "Məqsədimiz o idi ki, ermənilərin işğalçı siyasətinin nəticələri Assambleyanın Seul bəyannaməsində öz əksini tapsın. Amma Asiya dövlətlərində münaqişələrin çoxluğu nəzərə alınaraq bu müddəa ümumi xarakter daşıdı".
Ə.Əhmədov onu da bildirib ki, adıçəkilən konrasda iştirak edən Asiya ölkələrinin hakim partiyalarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağ problemini gündəmə gətiriblər: "Belə bir mötəbər beynəlxalq konfransda təmsil olunmağımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bizim üçün olduqca vacibdir".
Qeyd edək ki, adıçəkilən konrans iki ildən bir keçirilir. Ötən konfrans Pekin şəhərində keçirilib. Növbəti konfransın isə hansı ölkədə keçiriləcəyi hələlik məlum deyil. Konfrasda YAP icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov da iştirak edib.