...

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrini genişləndirir"

Siyasət Materials 15 Sentyabr 2006 17:01 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) beynəlxalq əlaqələrini genişləndirir. Trend xəbər verir ki, bu barədə YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov Seul şəhərində Asiya ölkələrinin siyasi partiyalarının beynəlxalq konfransının 4-cü Baş Assambleyasının iclasının yekunları ilə bağlı sentyabrın 15-də keçirdiyi mətbuat konfransında bildirib.

Ə.Əhmədov qeyd edib ki, YAP yalnız xarici ölkələrdə hakimiyyətdə olan partiyalarla əməkdaşlığa üstünlük vermir: "Partiyamızın ideyası, prinsipi və siyasi orentasiyası ilə üst-üstə düşən ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən siyasi partiyalarla da əməkdaşlıq edirik. Biz bu əməkdaşlığın çərçivəsini genişləndiririk".

YAP rəsmisi onu da əlavə edib ki, sentyabrın 7-10-da Cənubi Koreyanın Seul şəhərində keçirilən Asiya ölkələrinin siyasi partiyaları beynəlxalq konfransının 4-cü Baş Assambleyasının iclasında iştirak edən siyasi partiya rəhbərləri ilə görüşlər keçiriblər: "Məqsədlərimizdən biri görüşdüyümüz insanlara Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri çatdırmaq, ikincisi isə ikitərəfli əməkdaşlığımızı genişləndirmək olub". Ə.Əhmədov vurğulayıb ki, görüşdükləri xarici nümayəndələrə ermənilərin işğalçı siyasətini özündə əks etdirən materiallar təqdim edilib.

Ə.Əhmədov bildirib ki, YAP-ın nümayəndə heyəti adıçəkilən konfransda iştirak edən Koreyanın hakim Uri Partiyası, Rusiyanın hakim "Edinaya Rusiya" partiyası, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası, Qazaxıstanın hakim Otan Partiyası və digər siyasi partiya rəhbərləri, eyni zamanda Beynəlxlaq Demokrat İttifaqının baş katibi ilə görüşlər keçiriblər.

Xatırladaq ki, YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 400 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti