...

Nazim İbrahimov: "Türkdilli dövlətlərin X qurultayı artıq öz mühüm tarixi vəzifəsini yerinə yetirdi"

Siyasət Materials 19 Sentyabr 2006 17:27 (UTC +04:00)
Nazim İbrahimov: "Türkdilli dövlətlərin X qurultayı artıq öz mühüm tarixi vəzifəsini yerinə yetirdi"

"Türkdilli dövlətlərin X qurultayı türk dünyasının birləşməsi istiqamətində çox əhəmiyyətli bir addım oldu. Demək olar ki, qurultay artıq öz mühüm tarixi vəzifəsini yerinə yetirdi". Bu fikirləri Trend ə eksklüziv açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahmov bildirib.

Qeyd edək ki, hazırda Türkiyənin Antalya vilayətində türkdilli dövlətlərin və toplumların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilir. Həmin qurultayda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən Nazim İbrahimov qurultayın işi və əhəmiyyəti barədə danışıb. O, qeyd edib ki, Azərbaycan prezidentinin bu qurultayda iştirakı ölkəmiz üçün türk dövlətlərinin birliyinin, əməkdaşlığının nə qədər önəmli olduğunun göstəricisidir: "Azərbaycan pezidenti İlham Əliyevin qurultayın ilk günündə çıxışı, onun türk dünyasına verdiyi mesajları, gələn il Azərbaycan-Türk diasporlarının birgə Forumunun keçirilməsi, erməni təbliğatının qarşısının alınması üçün birgə fəaliyyət göstərməyimizə dair tövsiyələri qurultay iştirakçıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Güman edirəm ki, gələn il Bakıda keçiriləcək birgə Forum Azərbaycan və türk diasporlarının gələcək əməkdaşlığına, birgə lobbiçilik fəaliyyətinin qurulmasına xeyli təkan verəcək və bu prosesi sürətləndirəcək"-deyə N.İbrahimov qeyd edib.

Komitə sədri bildirib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə türk diaspor qurumaları arasında sıx əməkdaşlıq mövcuddur. Dövlət Komitəsi də türk diaspor təşkilatları ilə birgə işləyir, sıx əlaqələr qurur. N.İbrahisovun sözlərinə görə, hər iki diasporun müxtəlif ölkələrdə birgə fəaliyyət göstərməsinin ümumi işimizə müsbət təsir göstərdiyi özünü büruzə verir: "Diaspor təşkilatlarının gələn il keçiriləcək Birinci Forumu indiyədək görülmüş işlərin müzakirəsinə həsr olunacaq, birgə fəaliyyətin nəticələri təhlil ediləcək, gələcəkdə görüləcək işlər və əməkdaşlığın pesrpektivləri müəyyənləşəcək. Forumda Azərbaycan və Türkiyə dövlətlərinin yüksək səlahiyyətli rəsmi şəxsləri də iştirak edəcəklər. Türkiyə rəsmilərinə dəvət göndəriləcək. Onların və bütün Forum iştirakçılarının tövsiyyələri nəzərə alınmaqla Azərbaycan-türk diaspor təşkilatlarının birgə fəaliyyətlərini bundan sonra daha da sürətləndirməsi qərara alınacaq".

Komitə sədri əlavə edib ki, Forumun yüksək səviyyədə keçməsi və ilin hadisəsi olması üçün lazım olan təşkilati tədbirlər görüləcək. N.İbrahimov qurultayda iştirak edən müxtəlif ölkələrdən gəlmiş Azərbaycan və türk diaspor nümayəndələri ilə görüşlər keçirdiyini də deyib. Onun sözlərinə görə, qurultayın işində müxtəlif komissiyalar yaradılıb və orada Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak edir, öz çıxışları ilə müzakirələrə qoşulurlar: "Sabah lazımı qərarlar qəbul olunacaq. Ancaq demək olar ki, qurultay artıq öz tarixi vəzifəsini yerinə yetirdi. Birinci iş günündə Azərbaycan prezidentinin, Türkiyənin baş nazirinin çıxışı qurultayın müvəffəqiyyətlə keçdiyini və uğurla başa çatacağını əminliklə söyləməyə imkan verir. Qurultay türk dünyasının birliyi yönündə mühüm addım oldu. Digər bir tərəfdən, Azərbaycan prezidentinin burada iştirakı və nitqi onun türk dünyasının liderlərindən olduğunu nümayiş etdirdi".

N.İbrahimov qeyd edib ki, qurultayın işi birisi gün başa çatacaq və Azərbaycan nümayəndə heyəti vətənə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti