Rusiyada yaşayan azərbaycanlıların başlıca problemi sənədlərin rəsmiləşdirilməməsidir. Bu barədə Belqorod vilayəti azərbaycanlı icmasının lideri Sayadxan Həsənov Trend in Rusiyadakı xüsusi müxbirinə eksklüziv olaraq məlumat verib.
"Sənədlərin olmaması- həmyerlilərimiz arasında ən geniş yayılmış haldır. Tez-tez elə yaşlı qadın və kişilərə rast gəlmək olur ki, onların hətta doğum haqqında şəhadətnamələri də yoxdur. Uşaqlarımızın şəxsiyyətini təsdiq edən heç bir sənədləri olmadan onlar məktəbi, texnikumu, institutu bitirir, təhsil haqqında sənəd alırlar. Bir çoxları ötən əsrin 80-ci illərin əvvəlindən burada yaşayır və indiyədək heç bir sənədləri yoxdur. Azərbaycanlıların başlıca problemləri də elə budur və bu problemi həll etmək lazımdır", - deyə S.Həsənov bildirib.
"Fərəhli haldır ki, ali məktəblərin azərbaycanlı müəllimləri də var, tələbələri də. Lakin 22 min Belqorod tələbəsi arasında ən çoxu 5-6 azərbaycanlı var, bu çox azdır. Məsələn, ermənilərin sayı 10 dəfə çoxdur", - deyə azərbaycanlı icmasının lideri bildirib. O həmçinin qeyd edib ki, yerli azərbaycanlılar əsasən ticarət, kənd təsərrüfatı, tikinti ilə məşğul olur. Sayadxan Həsənov qeyd edir ki, bazarlarda işləyən azərbaycanlılar yerli əhaliyə xeyir gətirir. Onun fikrincə, birincisi, onlar əhalini iş yeri ilə təmin edir, ikincisi, əvvəllər burada heç kimin görmədiyi müxtəlif dekorativ meyvə-giləmeyvə bitkiləri gətirirlər. Üçüncüsü isə, azərbaycanlılar, öz təbiətlərinə görə, heç vaxt siyasətə qarışmırlar.
S. Həsənov diaspor hərəkatı üçün bir faktı mənfi hal kimi qiymətləndirib ki, tam mənası ilə yalnız bir-iki azərbaycanlı milisdə işləyir, ali məktəbdə müəllimlik edir və azərbaycanlılardan heç biri rəhbər vəzifədə, məsələn, meriya və ya vilayət hökümətində işləmir. O əmindir ki, maddi rifahdan başqa, həmyerlilərimiz öz xüsusiyyətlərinin, milli oxşarlıqlarının saxlanılması haqqında düşünməli, öz intelellektual, mədəni-maarif səviyyələrini artırmalıdırlar. Məhz bu məqsədlə, Belqorod vilayəti azərbaycanlı diasporun "Oqni Vostoka" qəzeti təsis edilib və mütəmadi olaraq dərc olunur.
Diaspor başçısı Belqorod əhalisinin tolerantlığının və ictimaiyyətin güclü şovinist əhvalının olmamasını qeyd edib. Bununla yanaşı, o, yerli azərbaycanlılara qarşı növbəti qırğın törətmək cəhdlərinə inanmır, belə ki, həm diaspora, həm də hüquq -mühafizə orqanları ilə birgə bu cür cəhdlərin qarşısı alınacaq.
Rəsmi məlumatlara görə, Belqorodda və vilayətdə 4,5 min azərbaycanlı yaşayır, lakin hər qeydiyyatda olan azərbaycanlıya 2-3 qeyri-qanuni yaşayan azərbaycanlı düşür.