...

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Siyasət Materials 2 Oktyabr 2006 18:25 (UTC +04:00)

Oktyabrın 2-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.

Toplantıda öncə qərarların icra vəziyyəti və görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. Şənbə günü keçirilən məclisin yekunları ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, məclisdə partiyanın son qurultayından sonra başlayan seçki və rəhbər strukturlarının formalaşması prosesi, demək olar ki. başa çatıb. Bundan sonra formalaşmış strukturlar tam şəkildə fəaliyyətə başlamalı və partiyanın hədəfləri uğrunda mübarizə genişləndirməlidir.

Daha sonra ölkədəki ictimai-siyasi, sosial-iqtisadi durum müzakirəyə çıxarılıb. Toplantıda Gürcüstanda cərəyan edən son hadisələrə diqqət yetirilib. Divan Gürcüstanla Rusiya arasında yaranmış gərginlikdən narahatlığını bildirib. Qeyd edilib ki, məsələ dinc danışıqlar müstəvisində həll olunmalı, bölgənin ən demokratik ölkəsi olan Gürcüstana kənar müdaxiləyə yol verilməməlidir. Bundan əlavə bildirilib ki, Gürcüstanla bağlı süni şəkildə enerji və kommunikasiya problemləri yaradılarsa, Azərbaycan dost və qonşu ölkənin yanında olmalıdır.

Müxalifətdəki Müsavat Partiyası 1992-ci ildə eks-spiker İsa Qəmbərin rəhbərliyi ilə yaradılıb. Bütün qurultaylarda İsa Qəmbər partiya sədri seçilib.

Xəbər lenti

Xəbər lenti