Azərbaycanın Belçikadakı səfirliyinin I katibi, Benelüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının fəxri prezidenti Fuad Hümbətov Fransa parlamentinə müraciət hazırlayıb. Bu barədə Trend ə Benelüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasından məlumat verilib.
Fuad Hümbətov bildirib ki, 12 oktyabrda Fransa palamentində qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinə səsvermə keçiriləcək. Bu qanuna görə, Fransada qondarma "erməni soyqşırımı"nı tanımayan şəxslərə qarşı həbs və 45000 avro məbləğində pul cəriməsi veriləcək. Azərbaycan səfirliyinin I katibi Fransa parlamentinin deputatlarına müaciətində bildirib ki, yalançı "soyqırıma" həsr edilmiş qanun layihəsinin qəbul edilməsi ölkədə ifadə azadlığını məhdudlaşdıracaq. "Azərbaycanlılar bu qanun layihəsinə etiraz edirlər. Bu qanunun qəbul olunacağı təqdirdə türk və erməni icmaları arasında yarana biləcək təxribatların məsuliyyəti Fransa parlamentinin üzərində qalacaq. Belə olan halda həm də türklər və fransızlar arasında münasibətlər korlana bilər. İlk növbədə iqtisadi əlaqələrə zərbə dəyəcək. Fransız deputatlar siyasi maraqlar naminə tarixi faktları təhrif etməməlidir. Biz sizdən bu qanun layihəsinin müzakirəsini dayandırmağı xahiş edirik, qoy tarixlə tarixçilər məşğul olsunlar"-deyə müraciətdə bildirilir.
Diplomatik nümayəndəliyin I katibi Azərbaycan ictimaiyyətinə müaciətində isə bildirib ki, Fransada belə bir qanunun qəbul edilməsi erməni diasporunun əlində ciddi bir silaha çevriləcək. Ona görə də F.Hümbətov bu ədalətsiz qanunla bağlı bütün Azərbaycan təşkilatlarını fransiz millət vəkillərinin e-mail ünvanlarına yuxarıdakı məzmunda etiraz məktubları göndərməyə çağırıb.