Oktyabrın 13-də Ümumrespublika konfransında Azərbaycanda qadın sahibkarlığının inkişafı məsələləri, bu sahənin strategiyası və perspektivləri müzakirə olunub. Trend in xəbər verdiyi kimi, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Azərbaycan Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Qadın Sahibkarlar Assosiasiyası tərəfindən təşkil olunub.
Dövlət komitəsinin sədri Hicran Hüseynova konfrans iştirakçılarının diqqətini Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şəraitə, qadın sahibkarların ölkə iqtisadiyyatının inkişafında roluna, o cümlədən onların bu istiqamətdə üzləşdiyi problemlərə yönəldib.
H.Hüseynova qeyd edib ki, statistikyaya əsasən, ölkənin qadın əhalisinin 8-9%-i orta və kiçik sahibkarlıqla məşğul olur, 3-4% isə özəl sektorda çalışır. 2005-ci ildə Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyası yaradılıb. Assosiasiya qadın sahibkarların problemləri ilə fəal surətdə məşğul olur.
İqtisadi inkişaf naziri Heydər Babayev qeyd edib ki, nazirlik ölkədə qadın sahibkarlığının inkişafı məsələlərini diqqət altında saxlayır. O, respublikanın iqtisadi inkişafında onların rolunu yüksək qiymətləndirib. Nazir bildirib ki, dövlət bundan sonra da qadın sahibkarlara uzunmüddətli mikrokreditlərin verilməsində yadım göstərməyə hazırdır.
Konfransda beynəlxalq təşkilatların nümayəndələri, hökumət və Milli Məclis üzvləri, o cümlədən xarici ölkə səfirləri iştirak edib. Qadın sahibkarlar gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.