Qarşılıqlı inam və qarşılıqlı anlaşma Belarus və Azərbaycan arasında münasibətlərin uğurlu inkişafını əvvəlcədən müəyyən edir. Trend in "Belta"ya istinadən xəbər verdiyi kimi, bunu oktyabrın 17-də Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü zamanı Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib.
İlham Əliyev ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin fəal inkişafından məmnun olduğunu bildirib. Azərbaycan prezidenti əmindir ki, "bu gün əməkdaşlığın bütün istiqamətlərdə fəallaşması üçün çox yaxşı şərait var". Onun sözlərinə görə, bunun üçün hər iki ölkənin istəyi, eləcə də müəyyən nailliyyətlər var: artıq iki ildir ki, hökumətlərarası missiya fəaliyyət göstərir, müxtəlif nazirliklər, idarələr, sənaye müəssisələri səviyyəsində fəal əlaqələr yaradılıb.
Azərbaycanın dövlət başçısı bildirib ki, onun Belarusa rəsmi səfəri və MDB sammiti tarix etibarilə üst-üstə düşüb. "Amma vacibliyi baxımından ölkənizə səfərim, təbii ki, üstünlük təşkil edir. Ona görə də sammitin təxirə salınması məlum olduqdan sonra, rəsmi səfərin təxirə salınmasından söhbət gedə bilməzdi ", - deyə İlham Əliyev bildirib. O, həmçinin əlavə edib ki, Azərbaycan rəhbərliyi Belarusda baş verənləri böyük maraqla izləyir və ölkənin uğularına sevinir.
Belarus prezidenti MDB sammitinin təxirə salınmasına baxmayaraq, Minskə etdiyi rəsmi səfərə görə İlham Əliyevə təşəkkürünü bildirib. "Biz bunu yüksək qiymətləndiririk və elə edəcəyik ki, gəldiyinizə görə peşman olmayasınız", - deyə Aleksandr Lukaşenko azərbaycanlı həmkarına müraciət edərək bildirib.