"Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin işlənməsi üzrə PSA müqaviləsinin tərkibinə daxil olan "Azəri" layihəsinin həyata keçirilməyə başladığı andan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 6,399 mlrd. ABŞ dolları sərmayə sərf edib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə AÇG layihəsi üzrə vitse-prezident Bryus Lyuberski bugünkü brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 2006-cı ilin üç rübü ərzində "Azəri" layihəsinə 423 mln. ABŞ dolları sərf olunub. "Azəri" layihəsinə "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsinin tərkibinə daxil olan "Azəri" yatağının "Mərkəzi", "Qərb" və "Şərq" hissələrinin işlənməsi daxildir.
Həmçinin "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsinin tərkibinə daxil olan dərinsulu "Günəşli" yatağının işlənmə layihəsinin reallaşdırılmasına gəlincə, B.Lyuberski bildirib ki, layihəyə cəmi 1,789 mlrd. ABŞ dolları, 2006-cı ilin üç rübü ərzində isə - 804 mln. ABŞ dolları sərf olunub.
ABƏŞ "Günəşli" yatağının dərinsulu hissəsində həmçinin 300 mln. ABŞ dollarına başa gələcək yeraltı su vurulması üçün yeni obyekt inşa etmək fikrindədir. Yeraltı manifoldun quraşdırılması yatağın bu hissəsində əlavə 50 mln. barel hasil etməyə imkan verəcək. Bu zaman əgər ilk iki manifolddan suyun vurulması 2008-ci ildəki hasilatla birgə başlansa, üçüncü obyekt bir qədər sonra işə salınacaq. Şərqi manifold bir sualtı qazıntı mərkəzindən qazılmış yeraltı mənsəbi olan dörd quyu vasitəsilə dərinsulu "Günəşli" yatağında sutkada daha 200 min barel suyu laya vurmağa imkan verəcək.
B.Lyuberskinin sözlərinə görə, bu günə qədər yeni yeraltı manifoldun inşasına 2006-cı ildə artıq 18 mln. ABŞ dolları sərf olunub.