Bu gün Azərbaycan ixracın və investisiyaların təşviqi fondunun (AZPROMO) təşkilati dəstəyi və TACIS proqramının texniki yardımı ilə Azərbaycan dövlət investisiya şirkətinin (AİŞ) təqdimatı keçirilib. Tədbirdə şirkətin Müşahidə şurasının üzvləri, Azərbaycanda xarici diplomatik nümayəndəliklərin nümayəndələri, xarici və yerli iş adamları iştirak edib.
Tədbir çərçivəsində AİŞ və AZPROMO arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə iki təşkilatın bir çox istiqamətlərdə, o cümlədən ölkənin qeyri-neft sektoruna sərmayələrin cəlb olunmasında əməkdaşlığı nəzərdə tutulub.
Şirkətin Müşahidə şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, ölkədə sərmayə şirkətinin təsis olunması və onun üzərinə qoyulmuş vəzifələrin icrası ölkənin investisiya sektorunda səmərəli iştirak etmək üçün xarici və yerli investorlar üçün münasib şərait yaradacaq. Nəticədə yaxın gələcəkdə ölkədəki investisiya layihələrinin maliyyələşdirilməsi üçün AİŞ vəsaitləri ilə yanaşı xarici sərmayələri də cəlb etmək mümkün olacaq.
MŞ -nin sədr müavini, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, AİŞ fəaliyyətinin başlangıcını qeyri -neft sektorunun inkişafında yeni keyfiyyətli mərhələnin başlangıcı kimi qiymətləndirmək olar. Onun fikrincə, şirkət yerli təcrübədə yeni investisiya mexanizmləri tətbiq edəcək və sərmayələrin qoyulduğu müəssisələrin idarə olunmasında iştirak edəcək.
AZPROMO Müşahidə şurasının sədri Çingiz Əsədullayev hesab edir ki, İnvestisiya şirkətinin yaradılması və onun gələcək fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verəcək. Onun fikrincə, memorandumun imzalanması AİŞ və AZPROMO-nun fəaliyyətinə müsbət təsir göstərəcək.
Tədbirdə AİŞ-in icraçı direktoru Anar Axundov şirkət fəaliyyətinin istiqamətləri, investisiya qoyuluşlarının həyata keçirilməsi mexanizmləri, investisiyaların diversifikasiyası, şirkətin imkanları və inkişaf potensialı, eləcə də bu gün həyata keçirilən işlərlə tanış edib.
AİŞ AR prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə qeyri -neft sektorunun inkişafı, bu sahədə fəaliyyət göstərən müəssisələrin maddi və texniki bazasının yenilənməsi üçün investisiya qoyuluşlarının təşviqi məqsədilə yaradılıb.