Noyabrın 22-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında hakim Yeni Azərbaycan Partiyasının yaradılmasının 14-cü ildönümü münasibətilə geniş dəyirmi masa keçirilib. Trend in məlumatına görə, toplantıda YAP-ın rəhbərliyinə daxil olan şəxslər - sədr müavinləri, Siyasi Şura üzvləri, partiyanı parlament də təmsil edən deputatlar, ziyalılar və qonaqlar iştirak ediblər.
YAP-ın sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov 1992-ci ildə YAP-ın yaranmasının zərurəti, ölkədə o vaxtkı siyasi vəziyyət, Heydər Əliyevin hakimiyyətə gəlməsi barədə danışıb. Ə.Əhmədovun sözlərinə görə, YAP bu 14 ildə Azərbaycana, dövlətçiliyimizə şərəflə xidmət edib, ona bəslənən ümidləri doğruldub. "Yeni Azərbaycan partiyası Heydər Əliyev ideyalarının həyata keçməsinə öz layiqli tövhəsini verib. Bu gün YAP Azərbaycanda ən güclü partiyadır və sıralarında 400 min insanı cəmləşdirib", deyə Ə. Əhmədov qeyd edib.
YAP-ın sədr müavini, millət vəkili, eks-spiker Murtuz Ələsgərov YAP-ın 1993-cü ildə Naxçıvanda Heydər Əliyev tərəfindən yaradılması tarixi, partiyanın 14 illik fəaliyyəti, bu günkü uğurları barədə geniş məruzə ilə çıxış edib. O, 90-cı illərin əvvələrində Azərbaycanda yaranmış siyasi gərginlik, hakimiyyət uğrunda mübarizə, o dövrün digər çətinliklərini xatırladaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlri Heydər Əliyevin ölkə ziyalılarının xahişi ilə Bakıya dəvət olunması, Milli Məclisin sədri seçilməsi, ölkəyə rəhbərlik etməsi və sonrakı proseslər haqda danışıb. H.Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi zərurəti və tarixi əhəmiyyəti barədə söz açan M. Ələsgərov ümumilli liderin Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmlənməsi yolunda göstərdiyi xidmətləri, onun gərgin əməyini bir daha yada salıb. "Yeni Azərbaycan Partiyası 21 əsrin, 3-cü min illiyin partiyasıdır", deyən məruzəçi YAP-ın Azərbaycan dövlətçiliyində oynadığı rol haqqında da danışıb. O, YAP-ın şərəfli tarixi yol keçdiyini, tarixin sınaqlarından üzüağ çıxdığını, H.Əliyev ideyalarına və dövlətçiliyimizə sadiq olduğunu vurğulayıb.