"Dağlıq Qarabağda erməni separatçılarının qondarma "referendum" keçirmək niyyətləri yalnız özlərinə diqqət cəlb eləmək cəhdidir". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda erməni separtçıları öz "konstitusiyaları"nı qəbul etmək üçün dekabrın 10-da qondarma "referendum" keçirmək niyyətindədirlər.
MSK sədri qeyd edib ki, separatçıların bütün hərəkətləri kimi, "seçki" keçirmək cəhdlərinin də heç bir hüquqi əsası yoxdur: "Belə tədbirlər yalnız özlərinə diqqət cəlb etmək üçün həyata keçirilir. Biz bu məsələni müzakirə edəcəyik və əgər zərurət olacaqsa, MSK rəsmi münasibətini açıqlayacaq. Hətta beynəlxalq qurumlardan da bu məsələyə münasibət bildiriblər. Onlar bizdən qabaq bildrirlər ki, qondarma rejimdə keçirilən tədbirlərin heç bir hüquqi əsası yoxdur. Ona görə də narahat olmağa dəyməz"-deyə M.Pənahov vurğulayıb.
MSK rəhbəri onu da deyib ki, Azərbaycanda 6 oktyabrda keçirilmiş bələdiyyə seçkilərində nəticələri etibarsız sayılmış 3 bələdiyyəyə təkrarən seçki keçiriləcək. MSK bu seçkinin vaxtını elan edəcək: "Çalışacağıq ki, tez bir zamanda bu seçkilər keçirisin".
M.Pənahov əlavə edib ki, dekabrın birinci ongünlüyündə Azərbaycan hökumət nümayəndələri Avropa Şurasının Venesiya Komissiyasında görüş keçirəcək və Seçki Məcəlləsi ilə bağlı müzakirələr aparılacaq. Onun sözlərinə görə, hər zaman qanunların təkmilləşdirilməsinə ehtiyac yaranır və bundan sonra da bu islahatlar aparılacaq: "Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün onun strukturları ilə də sıx əməkdaşlıq edir: Bu əməkdaşlıq gələcəkdə də arası kəsilmədən davam etdiriləcək və biz bunun xeyrini görəcəyik".