...

Deputat Sabir Rüstəmxanlı: "İçərişəhərdə yerləşən səfirliklər, beynəlxalq təşkilatların nümayəndəlikləri başqa əraziyə köçürülməlidir"

Siyasət Materials 19 Dekabr 2006 17:50 (UTC +04:00)

Bakı şəhərində yaranan tıxacları aradan qaldırmaq üçün şəhərin mərkəzi hissələri mümkün qədər boşaldılmalıdır. Trend xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbəti zamanı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

"Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin əksəriyyəti İçərişəhərdə yerləşib. Dünyanın heç bir ölkəsində belə hal mövcud deyil. Səfirliklər, beynəlxalq təşkilatların nümayəndəlikləri İçərişəhərdəy köçürülməlidir" - deyə Sabir Rüstəmxanlı qeyd edib.

Onun fikrincə, şəhərin mərkəzində tikilən hündürmərtəbəli binalar da əlavə problemlər yaradır. "Mərkəzi Univermağın yanında, digər mərkəzi yerlərdə 20 mərtəbəli binalar tikirlər. Həmin binada yaşayanların, işləyənlərin avtomobilləri harada dayanacaq? Yeni körpülərin tikilməsi, yolların salınması problemi həll etməyəcək"

Xatırladaq ki, VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb. 3 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınan partiyanın 80 rayonda yerli təşkilatı fəaliyyət göstərir, 35 mindən artıq üzvü var. VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub. Hazırda VHP növbəti IV qurultayına hazırlaşır.

Xəbər lenti

Xəbər lenti