"Rusiyanın bütün regionlarında, xüsusi ilə də mərkəzi şəhərlərində azərbaycanlıların vəziyyəti deyilənlərdən daha ağırdır". Trend in məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) özünün Moskva və Sankt-Peterburqdakı bürolarına istinadən yaydığı bəyanatda belə deyilir.
QAT-ın bəyanatında bildirilir ki, Rusiyanın bütün ərazilərində gəlmələrə məxsus ticarət obyektləri bağlıdır, açmağa cəhd göstərənlər dərhal yoxlanılır və böyük məbləğdə cərimələr qoyulur, hər yerdə, o cümlədən evlərdə axtarış aparılır.
"Bu zaman azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirilir", - deyə məlumatda vurğulanır.
Təşkilatın Moskva və Sankt-Peterburqdakı bürolarından verilən məlumata görə, soydaşlarımızın əllərində olan rəsmi sənədlərə heç bir məhəl qoyulmur, onlardan həbs və ya deportasiya hədəsi ilə külli miqdarda pul tələb olunur: "Azərbaycanlılara qarşı bu qəddar siyasət hökumət səviyyəsində həyata keçirilir və Rusiyanın rəsmi mövqeyini əks etdirir. Hökumət soydaşlarımızı tam müflisləşdirərək, ölkədən çıxarmağa cəhd göstərir."
QAT hesab edir ki, Azərbaycan hökuməti soydaşlarımızın pozulan hüquqlarının müdafiə olunması, onlara divan tutulmasına yol verilməməsi üçün təcili tədbirlər həyata keçirməlidir.
Təşkilat Rusiya hökumətindən bu siyasətə son qoymağı tələb edir: "Əks halda Rusiyanın Bakıdakı səfirliyinin fəaliyyətinə son qoyulması və rusların ölkəmizdən çıxarılması istiqamətində konkret addımlar atacağıq."