...

Akademiyanın direktoru: Azərbaycan Polis Akademiyasının maddi-texniki bazası dünya standartlarına çatdırılır

Siyasət Materials 18 Yanvar 2007 16:08 (UTC +04:00)

Azərbaycan Polis Akademiyasının direktoru Ramiz Nağıyevlə eksklüziv müsahibə

"Daxili işlər orqanlarında korrupsiya və rüşvətin Azərbaycan Polis Akademiyasından başlandığını hesab edən insanlar çox yanılırlar və bununla da polis mundirinin şərəfini ləkələyirlər". Bu barədə Polis akademiyasının rəisi, polis polkovniki Ramiz Nağıyev öz müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün Akademiyanın məzunları DİN-in bütün strukturlarında işləyirlər. Bunlar - müstəntiqlər, cinayət axtarışı müfəttişləri, ərazi inspektorları, kriminalçılar və DİN-in başqa əməkdaşlarıdır. Bir qayda olaraq, əyani fakültənin məzunları tamamilə işlə təmin olunurlar, fərqlənmə ilə bitirən məzunlara isə seçim imkanı verilir. Növbəti buraxılış isə bu ilin iyul ayında olacaq. Akademiya əyani fakültənin təxminən 200 məzununa və qiyabi fakültənin təxminən 250 məzununa ali hüquqi təhsil haqqında diplom verəcək. Əyani fakültənin məzunlarına xüsusi "polis leytenantı" rütbəsi verilir, fərqlənmə diplomu alanlara isə mükafat şəklində xüsusi "baş polis leytenantı" rütbəsi təltif oluna bilər.

Müasir tədris-metodiki, maddi-texniki baza təlim-tərbiyə prosesində ən yeni tədris texnologiyalarının tətbiq edilməsini təmin edir. Yeri gəlmişkən, 2005-ci ildə burada Avropanın 16 ölkəsinin Polis Akademiyalarının rəisləri olub və onlar MDB ölkələri məkanında analoji Avropa təhsil müəssisələri ilə rəqabət aparmaq qabiliyyətində olan Polis Akademiyasının fəaliyyət göstərdiyini biləndə öz təəccüblərini gizlədə bilmədilər. Akademiyanın fəaliyyəti, o cümlədən tədris prosesinin təkmilləşdirilməsi daima dövlət başçısı və DİN rəhbərliyinin diqqət mərkəzindədir.

- Akademiya nə vaxt yaradılıb?

- Polis Akademiyası respublika prezidentinin Fərmanına əsasən, hələ 1921-ci ildə təsis edilmiş Bakı orta xüsusi milis məktəbinin bazasında yaradılıb. Bu tədris müəssisəsi uzun illər həm Rusiya Federasiyası, Gürcüstan daxili işlər orqanları üçün kadrlar hazırlayıb, həm də məktəbdə Kamboca, Qvineya-Bissau və başqa yerlərdən müdavimlər də təhsil alıb.

- Akademiya kimlərlə əməkdaşlıq edir?

- Bu gün Akademiya Moskva, Sankt-Peterburq, Volqoqrad ali təhsil müəssisələri ilə, həmçinin RF DİN İdarəetmə Akademiyası ilə əməkdaşlıq edir. Ukraynanın DİN Kiyev Milli Akademiyası və DİN Xarkov Universiteti, Türkiyə Polis Akademiyası, Gürcüstan, Latviya, Moldova Polis Akademiyası ilə yaxşı əlaqələr qurulub. Biz BMT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar, eləcə də ABŞ, Fransa səfirlikləri ilə münasibətdəyik.

Beynəlxalq humanitar təşkilatların xətti ilə Akademiyada seminar və treninqlər keçirilir. Son 5 il ərzində Akademiyanın divarları arasında təxminən 20 beynəlxalq konfrans keçirilib.

- Azərbaycan polislərinin tədrisi zamanı hansı hazırlıq proqramından istifadə olunur?

- Məlum olduğu kimi, 19 may 2005-ci il tarixində Azərbaycan rəsmi olaraq Boloniya prosesinə qoşulub. Bu kursa riayət edərək, Azərbaycanın qarşısında Avropa dövlətləri ilə birgə təhsil sistemini unifikasiya etmək üçün yeni perspektivlər və imkanlar açılır. Tədris planı tərtib olunarkən, həm xarici təhsil müəssisələrinin, həm də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin təcrübəsindən geniş istifadə olunub. O, Təhsil Nazirliyi ilə razılaşdırılıb və Respublikanın DİN rəhbərliyi tərəfindən təsdiq olunub.

Yeni tədris planının tərtib olunması zamanı qarşımıza intellektual, etik, idarəetmə və hüquqi mədəniyyətə yönəlmiş, yeni sosial-hüquqi və mədəni siyasətin prioritetlərinə əməl etmək məqsədini qoyaraq, biz yeni, müasir təhsil hədəflərini diqqətlə və aydın şəkildə ifadə etməyə çalışmışıq.

- Müdavimlər arasında qadın cinsinin nümayəndələri nə qədərdir?

- Əyani şöbədə müdavim qızlar yoxdur. Qiyabi şöbədə səkkiz qız var. Lakin elə vaxtlar olub ki, əyani kurslarda çoxlu qızlar təhsil alıb. Onların sayına gəlincə isə, onların azalmasında milli mentalitet mühüm rol oynayır. Axı xalq arasında hesab edirlər ki, polis işləmək qadınlar üçün deyil. Ümumiyyətlə isə, Azərbaycanda Akademiyaya daxil olmaq istəyən qadınlar üçün heç bir maneə yoxdur. Bura 16-30 yaş arası hər bir qadın daxil ola bilər.

- Müdavimləriniz hansı ölkələrdə təcrübə keçirlər?

- Hazırda Hans Zaydel Fondu ilə zabitlərimizin və kiçik müdavim qrupunun Almaniyada təcrübə keçməsi məsələsi müzakirə olunur. Təcrübə mübadiləsi proqramı çərçivəsində Almaniyadan Azərbaycana onların nümayəndələri gələcək.

- Akademiyada hansı yeniliklər mövcuddur?

- Tədris prosesini planlaşdırarkən, biz milli şüur və mənəviyyat əsasında dünya sivilizasiyasının nailiyyətləri haqqında bilik əldə etmiş, yüksək elmi səviyyə, peşəkarlıq, etik mədəniyyətə malik polis kadrlarının hazırlığını nəzərdə tuturuq. Bu məqsədə çatmaq üçün tədris planına 15 yeni fənn əlavə olunub: Bələdiyyə hüququ, Sahibkarlıq hüququ, Mənzil hüququ, Siyasi və hüquqi təlimlər tarixi, Beynəlxalq özəl hüquq, Məhkəmə hakimiyyəti, Kulturologiya, DİO-da Sosial idarəetmə və b.

Maddi -texniki baza dünya standartlarına çatdırılır. O cümlədən, təhsildə kompüterlərdən, modul sistemlərindən istifadə adi hala çevrilib. Bu məqsədlə tədris edilən fənnlər üzrə müasir fənn kabinetləri yaradılıb və onlar lazımi texniki avadanlıqla təchiz olunublar. Hazırda Akademiyada fənnlər üzrə 30-dan çox fənn kabinetləri fəaliyyət göstərir: İnsan hüquqları, Cinayət hüququ, Cinayət prosesi, Xarici dil, Kompüter və informatika, DİO İnzibati fəaliyyəti, Taktiki hazırlıq və s.

Akademiyanın ərazisində yeni tədris korpusu tikilir. Orada Azərbaycan DİN-in Ekspert-kriminalistika idarəsinin bizə verdiyi yeni laboratoriya ilə təchiz olunacaq kriminal poliqonunun tikilməsi üçün sahə ayrılacaq. Kriminalistika poliqonu ilə yanaşı tədris korpusunda həmçinin köhnə tir yenilənəcək.

Daha bir yenilik Akademiyada Hüquq Klinikasının yaradılması olub. Onun əsas məqsədi polislərin əldə etdikləri bilikləri təcrübədə tətbiq etmələridir. Bu klinika qaçqın və məcburi köçkünlərə, eləcə də vəkil tutmağa imkanları olmayan vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulub. Belə bir Hüquq Klinikası Bakı Dövlət Universitetində də yaradılıb. Beləliklə, müdavimlər nəzəriyyəni təcrübədə həyata keçirirlər.

Gələcəkdə isə müdavimlər onlayn rejimində aparıcı Avropa universitetlərində Avropa hüququnu öyrənə biləcəklər. Əvvəlcə Almaniya universitetləri ilə razılaşmağı, sonra isə müvafiq texnikanı hazırlamağı planlaşdırırıq.

Xəbər lenti

Xəbər lenti