Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Trend ə açıqlamasında bildirib ki, günün birinci yarısında qurumun siyasi qruplarında müzakirələr aparılıb.
Onun sözlərinə görə, yanvarın 22-də keçiriləcək iclasda gözlənilən ən maraqlı hadisə Avropa Şurasının baş katibi Terri Devisin edəcəyi çıxışdır.
"Azərbaycan nümayəndə heyəti olaraq bizim də cənab Terri Devisə suallarımız var. Bu suallar Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması ilə bağlıdır", - deyə Qənirə Paşayeva vurğulayıb.
Onun sözlərinə görə, siyasi qrupların iclasında Azərbaycanla bağlı hər hansı bir məsələ müzakirə edilməyib. Toplantılarda Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliyə əməl etməsi məsələsi diqqət mərkəzində olub.