...

ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi Rəsul Quliyevin qərarını dəstəkləmir

Siyasət Materials 12 Fevral 2007 13:10 (UTC +04:00)

Müxalifətyönlü Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi partiya sədri Rəsul Quliyevin fevralın 10-da imzaladağı qərarı müzakirə edib. Bu barədə Trend ə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov məlumat verib.

"Rəsul Quliyevin qərarı partiyanın fəaliyyətinə heç bir təsir göstərməyəcək. Çünki ADP Ali Məclisinin 60-a yaxın üzvü partiyanın 27 yanvar tarixli qərarını dəstəkləyir. Yaxın günlərdə Ali Məclisin daha 15 üzvü bu qərarı dəstəkləyə bilər. O cümlədən rayon təşkilatlarının 90 faizi ADP Ali Məclisini yanvarın 27-də qəbul etdiyi qərarı dəstəkləyir və bu qərarın dəyişdirilməsinin əleyhinədir", -deyə Həsrət Rüstəmov vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev fevralın 10-da imzaladığı sərəncamla Sərdar Cəlaloğlunu və Həstər Rüstəmovu özünün müavini vəzifəsindən azad edib, partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovu, şöbə müdirləri Zakir Hüseynov və Rəşid Mənsurovu tutduqları vəzifədən uzaqlaşdırıb. Rəsul Quliyev onları son zamanlar partiyada yaranmış vəziyyəti gərginləşdirməkdə, sədrin tapşırıqlarını pozmaqda ittiham edib.

O qeyd edib ki, Rəsul Quliyev qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvlərini vəzifəsindən azad edə bilməz. Çünki Təşkilat Komitəsinin üzvlərini Ali Məclis təyin edir: "Bü cür düşüncə ilə ADP-dəki vəziyyətə təsir göstərmək mümkün deyil. Təşkila Komitəsi fəaliyyətini davam etdirir və biz qurultaya hazırlaşırıq."

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti