...

Azərbaycan XİN başçısı ABŞ müdafiə nazirinin müavinini qəbul edib

Siyasət Materials 12 Fevral 2007 19:18 (UTC +04:00)

Fevralın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin müavini Piter Rodmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend Azərbaycan XİN-in mətbuat mərkəzinə istinadən xəbər verir.

P.Rodman Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunun mühüm strateji əhəmiyyətini qeyd edərək, ölkəsinin burada sabitliyin davamında maraqlı olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov hazırkı dövrdə, Azərbaycanın qoşulduğu bir sıra regional layihələrin həyata keçirildiyi bir vaxtda ABŞ-Azərbaycan əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Ölkəmizin regionda lider mövqe tutduğunu, bu aparıcı rolu daşımaq üçün kifayət qədər potensial və imkanlara malik olduğunu qeyd edən nazir Azərbaycanın qatıldığı geostrateji layihələr haqda məlumat verib. Həmçinin, qonşu dövlətlərlə münasibətlərə toxunan nazir Ermənistanın tutduğu qeyri-konstruktiv mövqenin regional əməkdaşlığa zərbə vurduğunu qeyd edib.

P.Rodman Azərbaycanın silahlı qüvvələrinin İraqda, Əfqanıstan və Kosovoda sülhməramlı qüvvələrdə iştirakını yüksək qiymətləndirib, iki dövlət arasında tərəfdaşlıq əlaqələrinin davam etdirilməsini zəruri sayıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti