...

Azərbaycan prezidenti Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin həllinə cəlb edilməsini vacib sayır

Siyasət Materials 15 Fevral 2007 10:49 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfəri zamanı Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin həllinə cəlb edilməsinin vacibliyi və faydası barədə bəyanatla çıxış edib.

Ölkə federal kansleri Angela Merkellə görüşdən sonra birgə mətbuat konfransında çıxış edərkən İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda mövcud olan münaqişələrə dair öz fikrini artıq bildirib və bu fikir müsbətdir.

O həmçinin əlavə edib ki, Azərbaycan Avropa İttifaqının qonşuluq siyasətinin icraçısıdır və ümid edir ki, proqramın tətbiq edilməsi ilə növbəti 5 il ərzində Azərbaycanda mövcud olan bütün kriteriyalar həmin təşkilatın kriteriyalarına yaxınlaşdırılacaq.

İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində mövcud olan əməkdaşlığı xüsusi olaraq vurğulayıb. O xatırladıb ki, keçən ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Azərbaycan başçısı bundan sonra Azərbaycan və Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib.

Prezident qeyd edib ki, Azərbaycan çox sayda təbii ehtiyatlara, neftə, qaza malikdir. Bu ehtiyatların ötürülməsi üçün neft-qaz kəmərləri çəkilib. O, bu layihələrin Azərbaycan və Avropa arasında olan əməkdaşlığı yeni məcraya gətirəcəyinə ümidini bildirib.

Azərbaycan və Almaniya başçılarının görüşündə həmçinin ikitərəfli münasibətlər müzakirə edilib. İlham Əliyev bildirib ki, ölkələr arasında siyasi münasibətlər möhkəmlənir, iqtisadiyyat sahəsində isə birgə layihələr həyata keçirilir. Görüşdə Azərbaycanda demokratik proseslərin və insan haqlarının möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti