...

Səfir Zakir Həşimov: "Türkiyə və Azərbaycan diasporlarının vahid fəaliyyət strategiyası hazırlanıb"

Siyasət Materials 2 Mart 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Trend in Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimovla eksklüziv müsahibəsi

- Cənab Səfir, martın 9-da Bakıda keçiriləcək Azərbaycan və türk diasporlarının I Forumuna Türkiyə tərəfdən hansı hazırlıq işləri görülür?

- Bildiyiniz kimi, Azərbaycan və türk diasporlarının birgə Forumunun keçirilməsi təklifi ilk dəfə hörmətli Prezidentimiz cənab İlham Əliyevdən gəlmişdi. Xatırladım ki, keçən il Antalyada Türkdilli Dövlətlərin 9-cu Zirvə Toplantısında iştirakı zamanı çıxış edən Prezident hər iki ölkənin diasporlarının bərabər işləməsi istiqamətində fəaliyyətimizi gücləndirmək təklifini irəli sürmüşdü. Martın 9-da keçiriləcək Forumun əsası da məhz buradan qaynaqlanır. Martın 9-da Bakıda keçiriləcək Azərbaycan və türk diasporlarının I Forumuna Türkiyə tərəfində də hazırlıqlar gedir. Türkiyə Xarici İşlər Nazirliyi və Türk Dünyası ilə Əməkdaşlıq üzrə Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıqlar aparılır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bu Forumda iştirak etmək üçün Bakıya səfər edəcək.

- Bakıda keçiriləcək Forumla bağlı Türkiyədə yaşayan Azərbaycan diasporundan sizə müraciətlər gəlirmi?

- Bəli, bu Forumla bağlı Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri və yerli ictimai təşkilatlar adından səfirliyə müraciətlər daxil olur. Müraciətlər bu gün də gəlməkdə davam edir. Həmin müraciətlərə Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış şəkildə cavablar verilir.

- Diasporlarımızın birgə fəaliyyət strategiyasına dair Türkiyə ilə Azərbaycanın rəsmi qurumları arasında nə kimi razılıqlar əldə olunub?

- 2006-cı ilin oktyabr ayından başlayaraq Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi ilə Türkiyənin Türk Dünyası ilə Əməkdaşlıq üzrə Nazirliyi arasında intensiv şəkildə məsləhətləşmələr aparılır. Görülən işlərin, aparılan danışıqların nəticəsi olaraq, Türkiyə və Azərbaycan diasporlarının vahid fəaliyyət strategiyası işlənib hazırlanıb. Forumda bu məsələ müzakirəyə çıxarılacaq və həmin sənədin qəbul olunması gözlənilir.

- Türkiyə ictimaiyyəti və rəsmi hakimiyyəti bu Forumun mahiyyətini necə qiymətləndirirlər? Ümumiyyətlə, Türkiyədə bununla bağlı nə kimi rəylər var?

- Türkiyə ictimaiyyəti belə bir mötəbər tədbirin keçirilməsini və Forumun mahiyyətini olduqca müsbət qiymətləndirir. Eyni fikri rəsmi hakimiyyət barəsində də söyləmək olar. Türkiyədəki mövqe bundan ibarətdir ki, belə təşəbbüslər və konkret tədbirlər ölkələrimiz və diasporlarımız üçün gərəklidir. Türkiyədə eyni zamanda hesab edirlər ki, bu tədbir dünyada mövcud olan geosiyasi durumun tələblərinə cavab verir.

- Sizcə, belə ortaq tədbirlər Azərbaycan və Türkiyə arasında siyasi, diplomatik bağlılığı daha da möhkəmləndirir, yoxsa diasporlarımızın əməkdaşlığı bunun xaricində dayanır?

- Zənnimcə, belə ortaq tədbirlər Azərbaycanla Türkiyə arasında münasibətlərdə hər bir sahəni əhatə edən möhkəm strateji əməkdaşlığın gücləndirilməsinə yeni imkanlar yaradacaq. Diasporlar arasında əlaqələrin genişləndirilməsi dövlətlərimiz arasında möhkəmlənən tərəfdaşlıqla paralel şəkildə aparılacaq. Yəni, əslində bu iki strategiya bir-birini tamamlayır və vəhdət təşkil edir. Təbiidir ki, yaxın tərəfdaşlıq, dostluq münasibətləri, ortaq maraqlar ümumi, ortaq işlərin görülməsi zərurətini yaradır.

- Türkiyədə Azərbaycanla bağlı nə kimi tədbirlər gözlənilir?

- Bildiyiniz kimi, Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı video görüntüləri və kitablarından geniş istifadə edilərək, Xocalı soyqırımının 15-ci il dönümü ilə əlaqədar Türkiyənin bir çox şəhərlərində geniş miqyaslı tədbirlər keçirildi. Həmin tədbirlərdə soydaşlarımızla yanaşı, Türkiyənin ictimai və siyasi dairələri, habelə incəsənət xadimləri fəal şəkildə iştirak etdilər. Azərbaycanla bağlı bütün əlamətdar günlər, hadisələr Türkiyədə də qeyd olunur. Qarşıdan gələn Novruz bayramı, 28 May Respublika günü və digər əlamətdar hadisələr hər il olduğu kimi qeyd ediləcək. Amma hələ ki, Bakıda keçiriləcək Foruma hazırlıqlar görülür.

- Ankaradakı Heydər Əliyev parkının açılış mərasimi nə zaman olacaq və kimlərin iştirakı nəzərdə tutulur?

- Heydər Əliyev parkı Ankaranın Yeniməhəllə adlanan ərazisində salınır. Bu parkın açılış mərasiminin bu il aprel ayında həyata keçirilməsi nəzərdə tutulub. Açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycandan yüksək səviyyəli nümayəndə heyətinin Ankaraya səfəri planlaşdırılır.

- Səfirliyin nəzdində filmoteka, azərbaycanlı gənclər üçün istirahət guşəsi yaradılması ilə bağlı işlər hansı yerdədir?

- Bəli, belə bir planımız var. Bu istiqamətdə işlərimiz davam etdirilir. Filmoteka, kitabxana üçün gərəkli olan materiallar toplanır. Bu, səfirik nəzdində bir Mərkəz olacaq. Mərkəzin yaradılması işləri başa çatdıqdan sonra bu haqda mətbuata əlavə məlumatlar veriləcək.

Xəbər lenti

Xəbər lenti