...

MSK sədri: Azərbaycan hələ elektron səsverməyə keçidə hazır deyil

Siyasət Materials 14 Mart 2007 12:56 (UTC +04:00)
MSK sədri: Azərbaycan hələ elektron səsverməyə keçidə hazır deyil

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Trend in Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla eksklüziv müsahibəsi

- Ötən il nəticələri ləğv olunan, tərkibi buraxılan bələdiyyələrə təkrar seçkilər nə vaxt keçiriləcək?

- Bu il ərzində keçiriləcək. Bu yaxınlarda seçkinin vaxtını elan edəcəyik. Biz adətən yay aylarında seçki keçirilməsini məqsədəuyğun saymırıq. Ona görə də çalışacağıq ki, seçki yaya qədər olsun, yəni, yaxın aylarda. Məsələn, mayda keçirilə bilər. Amma ola da bilər ki, yaydan sonraya, yəni, payıza saxlanılsın.

Hazırda fəaliyyət göstərməyən 6 bələdiyyə üzrə seçki keçirilməsi planlaşdırılır. Lakin seçkiyə qədər hansısa bələdiyyədə yerlər boşalsa, yaxud hansı bələdiyyədə lazım olan sayda tərkib yoxdursa, onlara da seçkilər keçiriləcək. Hansı bələdiyyədə ilk dəfə seçki keçirilsə, orada ilk seçki, hansında təkrardırsa, orada təkrar seçki adlandırılacaq, boşalan yerlərə seçkilər isə əlavə seçki olacaq.

- MSK-nın dairə seçki komissiyalarının fəaliyyəti ilə bağlı apardığı monitorinq nə ilə yekunlaşdı? Qanun pozuntuları aşkarlandımı?

- MSK, demək olar ki, bütün dairələrdə araşdırmalar aparmışdı və böyük əksəriyyətinin nəticələrini araşdırmışıq. Nəticələri yaxın vaxtlarda müzakirə edəcəyik. Məqsəd dairələrdə hərtərəfli yoxlamalar aparmaq idi. Proses zamanı komissiyaların fəaliyyəti, nə qədər sənədləşmə işlərinin aparılması, onların qanunun tələblərinə uyğun olub-olmadığı yoxlanılıb. Həmçinin dairə seçki komissiyalarının iş şəraiti, təchizatı da yoxlanılıb. Belə bir ümumi nəticəyə gəlmişik ki, bir sıra dairələrin yerləşdiyi binalarda və avadanlıqlarla təchizatda problemlər var. Bunlar texniki problemlər sayılır.

Bütün problemlərlərlə bağlı 35 məqam müəyyən edilib. Onların səbəbləri isə müxtəlif xarakterlidir və 15-16 istiqamətdədir. Məsələn, əgər komissiyanın yerləşdiyi bina yarasız, təmirsiz vəziyyətdədirsə, lazımi texniki avadanlıqlarla təchiz olunmayıbsa, bu, komissiya üzvlərinin günahı deyil. Amma əgər sənədləşmə işləri düzgün aparılmayıbsa, bu, onların nöqsanıdır və səbəbkar özləridir. Öz fəaliyyətində nöqsanlara yol verən dairələr varsa, MSK onların işinə qiymət verəcək, müvafiq tədbirlər görəcək.

Bu monitorinq DSK-ların fəaliyyəti ilə bağlı ümumi bir mənzərə yaratdı. Biz komissiyaların fəaliyyətini bundan sonra daha sıx şəkildə diqqətdə saxlayacağıq. Texniki problemlərlə bağlı isə müvafiq dövlət orqanlarına müraciətlər edəcəyik. Yerli icra strukturları komissiyaları müvafiq binalarla təmin etməlidir. Həmçinin müraciət edəcəyik ki, DSK-lar üçün yeni binalar tikilsin.

- Seçki sisteminin beynəlxalq standartara uyğunlaşdırılması, yeni mexanizmlər tətbiq olunması üçün işlər görülürmü?

- İndi Qərbdə tətbiq olunan yeni seçki sistemi poçt vasitəsilə səsvermə üsuludur. Mən hesab edirəm ki, Azərbaycanda bunu tətbiq etmək barədə düşümək hələ tezdir. Bundan başqa Qərb ölkələrində elektron səsvermə üsulu da geniş müzakirə olunur. Fikrimcə, buna da keçid almaq hələ tezdir. Baxmayaraq ki, elektron səsvermə ilə bağlı Avropa Şurasında artıq müzakirələr aparılıb. Avropa Şurasının Nazirlər Komitəsinin xüsusi bir komissiyası fəaliyyət göstərirdi, həmin komissiyanın sədr müavini Azərbaycan Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Rövzət Qasımov idi. Komissiya bizim nümayəndəmizlə bir yerdə iki il çalışdı və bir sıra təkliflər üzərində işlədilər. Amma mən hesab edirəm ki, elektron və poçt vasitəsilə səsvermə üçün çox işlər görülməlidir, cəmiyyət buna hazır omalıdır. Əvvəlcə isə bu üsullara inam yaranmalıdır.

- Gələn il ölkədə çox mühüm seçki keçiriləcək, həmin vaxta qədər seçki sistemində nə kimi dəyişiklər ediləcək?

- Biz seçki sisteminin təkmilləşdirilməsi işlərini ona görə görürük ki, növbəti seçkiyə qədər bu, baş versin. Çalışırıq ki, gələn ilki seçkiyə qədər konkret təkliflər paketi hazırlayaq. Bu təkliflərdə seçki prosesindəki mövcud nöqsanların aradan qaldırılması üçün gərəkli olan işlər, həmçinin yeni, mütərəqqi üsulların həyata keçirilməsi yolları əksini tapacaq. Bu üsulları tapmaq, aydınlaşırmaq üçün işlər görülür.

- MSK-nın parlamentdəki azlıqları təmsil edən üzvləri dairə seçki komissiyalarına öz nümayəndələrini təyin ediblərmi?

- Bəli, bu proses davam edir. Hesab edirəm ki, MSK üzvləri tərəfindən dairə seçki komissiyalarına üzvlərin təyin edilməsi qarşıdakı bələdiyyə seçkilərinə qədər başa çatacaq.

- Seçki Məcəlləsinin dəyişdirilməsi üçün aparılan danışıqlarda MSK iştirak edirmi?

- Bu müzakirələr davam etdirilir. Danışıqlar Azərbaycan hökuməti ilə beynəlxalq qurumlar arasında aparılır və bunlar hələlik ilkin mərhələlərdir. Yəqin ki, müəyyən məqamlardan sonra biz də iştirak edəcəyik.

- Ermənistanda keçiriləcək parlament seçkilərini MDB və digər beynəlxalq qurumların müşahidə missiyası çərçivəsində müşahidə etmək üçün Azərbaycana dəvət gələrsə, hansı cavab veriləcək?

- Bütün sahələrdə olduğu kimi, seçki sahəsində də Azərbaycanın Ermənistanla əlaqələri yoxdur. Beynəlxalq qurumlardan belə dəvət gələcəksə, MSK bundan imtina edəcək. MSK Azərbaycanın yürütdüyü xarici siyasətə uyğun şəkildə və milli maraqlarımıza zidd olmayan addımlar atır. Baxmayaraq ki, MSK siyasi qurum deyil, amma biz Azərbaycan vətəndaşlarıyıq və dövlətin maraqlarını hər şeydən üstün tutmalıyıq. Bu səbəbdən indiyədək Ermənistanda keçirilmiş hər hansı seçkidə iştirak etməmişik. Azərbaycan Mərkəzi Seçki Komissiyasının bu mövqeyi beynəlxalq qurumlara da məlumdur.

Xəbər lenti

Xəbər lenti