...

Hakim partiyanın sədr müavini: Əgər partiyanın hər hansı üzvü onun ideyaları və prinsiplərinə qarşı çıxırsa, özünü partiyadan kənarda qoyur

Siyasət Materials 3 Aprel 2007 12:42 (UTC +04:00)
Hakim partiyanın sədr müavini: Əgər partiyanın hər hansı üzvü onun ideyaları və prinsiplərinə qarşı çıxırsa, özünü partiyadan kənarda qoyur

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədovun "Trendə" müsahibəsi

- YAP daxilində baş verən qalmaqallar, sizcə, hansı proseslərin nəticəsidir və bu, partiyada qarşılıqlı ittihamların mövcudluğundan xəbər vermir ki?

- YAP monolit partiyadır və onun daxili birliyi mövcuddur. Daxili sabitliyi ilə qürur hissi keçirir. Kimin nə deməsindən asılı olmayaraq, YAP birmənalı olaraq monolitliyə malikdir. Son dövrlər bəzi mətbu orqanlarda partiya daxilində baş verən hansısa "olaylarla" bağlı yazılan yazıların ciddi əsası yoxdur. YAP-ın keçmiş sədr müavini Sirus Təbrizli və İdarə Heyətinin üzvü Əli İnsanovun səsləndirdiyi fikirlər partiya daxilində mövcud olan monolitliyin üzərinə kölgə salmaq gücündə deyil və mahiyyət etibarilə YAP daxilindəki prosesləri düzgün əks etdirmir.

Əli İnsanovun ittihamlarının motivi və səbəbi aydındır. Ona qarşı çox ciddi ittihamlar irəli sürülüb. O özünün günahsızlığını sübut etmək üçün arqumentlər gətirmək əvəzinə, müxtəlif siyasi bəyanatlar verir. Bu bəyanatların bir hissəsi YAP-la bağlıdır. Təəssüflənirəm ki, Əli İnsanov YAP-ın mahiyyətinə uyğun olmayan bəyanatlarla çıxış edir. Bu onu göstərir ki, Əli İnsanov heç vaxt partiyaya, onun ideyalarına sadiq olmayıb. Məhkəmə çəkişməsini siyasi şouya çevirmək istəyən İnsanovun təkcə YAP haqqında yox, Azərbaycan iqtidarı barədə səsləndirdiyi fikirlərin də obyektivliyinə inanmaq mümkün deyil. Sirus Təbrizli də səsləndirdiyi fikirlərlə partiyanın fəaliyyətinə kölgə salmaq niyyətini güdüb. Bu isə alınmayıb. YAP insanların baxışlarından kənarda fəaliyyət göstərmir. Sensasiya yaratmaq, ya da başqa niyyətlər güdmək xətrinə ittihamlar irəli sürdüyündən, YAP Sirus Təbrizli barəsində sərt qərar verdi.

- YAP-ın bu qərarını demokratik dəyərlərin pozulması kimi qiymətləndirənlər də var. Bu mövqe ilə razısınızmı?

- YAP könüllülərin birləşdiyi siyasi təşkilatdır. Partiyanın monolitliyi, birliyi hər bir üzvünün partiyanın siyasi xəttinə, idealarına sadiqliyindən bilavasitə asılıdır. Bunlar olmadan partiyanın qarşıya qoyduğu məqsədləri, prinsipləri həyata keçirmək mümkün deyil. Ona görə də YAP hər bir üzvünün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin qayğısına qalır. Bu, prioritet əhəmiyyət daşıyan məsələlərdən biridir. Əgər partiyanın hər hansı üzvü onun ideyaları və prinsiplərinə qarşı çıxırsa, faktiki olaraq özünü partiyadan kənarda qoyur. Heç kim partiyaya zorla gətirilməyib. Bu baxımdan Sirus Təbrizlinin ittihamlarına adekvat olaraq sərt qərar çıxarılmasını partiyanın demokratik dəyərlərdən kənarda fəaliyyət göstərməsi kimi yox, partiyanın öz prinsiplərinə, ideyalarına sadiqliyi kimi qiymətləndirmək lazımdır.

- Əli İnsanovun vəkilləri onun şərəf və ləyaqətinin müdafiəsinə dair sizə qarşı iddia qaldırıb. Bu iddia ilə nə dərəcədə razısınız?

Mənim Əli İnsanovla bağlı mətbuatda söylədiyim fikirlərə görə Səbael rayon Məhkəməsində iddia qaldırılıb. İşin çoxluğundan məhkəmədə iştirak edə bilmirəm. Məni məhkəmədə vəkilim təmsil edir. Əli İnsanovun mənə qarşı mülki iddia qaldırmasının heç bir əsası yoxdur. Ona görə də inanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq. Mənim onun barəsində səsləndirdiyim fikirlər Əli İnsanovun YAP, iqtidar haqqında səsləndirdiyi böhtanlarla müqayisədə, demək olar ki, heç nədir. Belə çıxır ki, o, iqtidarda təmsil olunanlara böhtan ata bilər, məhkəməni siyasi şouya çevirə bilər. Ancaq biz onun partiya, iqtidar haqqında söylədiklərinin böhtan olduğu barədə fikirlərimizi səsləndirə bilmərik.

- Əli İnsanov məhkəmədə YAP-a külli miqdarda maliyyə vəsaiti ilə kömək etdiyini də söyləyib.

- YAP-ın maliyyələşməsində partiya üzvlərinin ödədiyi üzvlük haqqından başqa nə Əli İnsanov, nə də kimsə digər bir formada iştirak etməyib. Bu fikirlər partiyaya atılmış böhtan və şərdən başqa bir şey deyil. Əli İnsanovun YAP-a heç bir zaman hər hansı maliyyə köməyi olmayıb.

Xəbər lenti

Xəbər lenti