...

Azərbaycanda keyfiyyətsiz məhsul istehsalçılarına qarşı sanksiyalar sərtləşdirilə bilər

Siyasət Materials 25 Aprel 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Standartlaşma, metrologiya və patent üzrə Dövlət Agentliyi hökumətə təkliflər verib. Təkliflər fəaliyyətində nöqsanlar aşkarlanan müəssisələrə qarşı cərimə sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutur. Bu barədə məlumat verən agentliyin rəhbəri Ramiz Həsənov bildirib ki, hazırda iri müəssisələr üçün cərimənin məbləği çox azdır. Onun maksimal həddi 500 manatdır.

"Bu səbəbdən cərimə sanksiyaları qeyri-effektivdir" - deyə Həsənov vurğulayıb.

Agentlik rəhbəri hesab edir ki, cərimə miqdarının artırılması şirkətlərin müvafiq qaydalara riayət etməsi məsələsinə xeyli təsir göstərəcək. "Təkliflərimizdə bir çox məqamlar yer alıb. Məsələn, 100 min manat dəyərində olan keyfiyyətsiz məhsulun müsadirəsi ilə yanaşı şirkət eyni məbləğdə cərimə də ödəməli olacaq. İnanmıram ki, belə halda hansısa şirkət risqə gedə" -deyə Həsənov bildirib.

Hazırda hökumət agentliyin müvafiq təkliflərini nəzərdən keçirir və istisna deyil ki, onlar artıq ayın sonunda qəbul edilsin.

2006-cı ildə agentlik bir sıra yeyinti sənayesi müəssisələrinə qarşı 100 min manat həcmində sanksiyalar tətbiq edib.

Xəbər lenti

Xəbər lenti