...

İon İlyesku: "Rumıniyada siyasi hakimiyyətin dəyişməsi Azərbaycan və Rumıniya arasındakı munasibətlərə təsir etməyəcək"

Siyasət Materials 26 Aprel 2007 13:52 (UTC +04:00)
İon İlyesku: "Rumıniyada siyasi hakimiyyətin dəyişməsi Azərbaycan və Rumıniya arasındakı munasibətlərə təsir etməyəcək"

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Siyasi strukturlarda dəyişiklik - bu ölkənin daxili işidir və Rumıniya və Azərbaycan münasibətlərinə heç bir təsir etməyəcək. Bu barədə Trend ə prezident postunu 1990-cı ildən üç müddət ərzində (fasilələrlə 1996-2000-ci illər) tutmuş Rumıniyanın keçmiş prezidenti İon İlyesku bildirib.

Onun sözlərinə görə, Rumıniyada hazırda baş verənlər prezident, hökumət və parlament arasında münasibətlərin nizama salınması üzrə Konstitusiya qaydaları ilə əlaqədardır. "Azərbaycandan fərqli olaraq bizdə başqa qaydalar var, hökumətimizi prezident deyil, parlament təyin edir. Konstitusiya Məhkəməsi müstəqildir, Konstitusiya Məhkəməsinin hakimlərini də prezident təyin etmir. Prezidentimiz Konstitusiya qaydalarını pozub, son iki il ərzində ölkədə gərgin vəziyyət müşahidə olunur" - deyə o, əlavə edib.

Xatırladaq ki, aprelin 19-da parlamentin hər iki palatasının birgə iclasında səs çoxluğu ilə Rumıniya prezidenti Trayan Beseskunun prezident vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul olunub. Növbədənkənar prezident seçkilərinin keçirilməsinə qədər Rumıniyada dövlət başçısı səlahiyyətlərini senatın rəhbəri Nikolae Vekeroyu yerinə yetirəcək.

Rumıniya qanununa əsasən, əgər ölkə prezidenti Konstitusiya qaydalarını pozursa, parlamentin prezidenti bir ay ərzində vəzifədən uzaqlaşdırmaq hüquq var. Sonra referendum təşkil olunur və prezidentin postda qalması və ya istefaya getməsinə xalq qərar verir.

Hazırda ölkədə bu cür referenduma hazırlıq gedir. Referendum mayın 19-na təyin olunub.

İlyesku bildirib ki, o, yenidən prezident postuna namizədliyini irəli sürməyə hazırlaşmır, çünki bu Rumıniya Konstitusiyasına zidd olardı. Əsas qanuna görə, prezident yalnız iki müddətə seçilə bilər.

"Mənim əvəzimə yeni namizədlər gələcək" - deyə o, bildirib.

Xəbər lenti

Xəbər lenti