Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Fransanın yeni seçilən prezidenti Nikola Sarkozinin Türkiyə ilə bağlı mövqeyi narahatlıq doğurur və biz guman edirik ki, yeni dövlət başçısı Türkiyəyə qarşı tutduğu heç də xoş olmayan münasibətini kökündən dəyişəcək. Bu barədə bazar ertəsi Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.
O qeyd edib ki, prezidentliyə namizədlərin seçki öncəsi verdikləri bəyanatlarla bu postda fəaliyyət zamanı əsas götürülən prinsiplər arasında müəyyən fərqlər olur: "Guman edirəm ki, Nikola Sarkozi reallığı dərk edəcək və Türkiyəyə qarşı tutduğu və o qədər də xoş olmayan münasibətini kökündən dəyişəcək".
YAP rəsmisi qeyd edib ki, Fransada kimin prezident olmasını bu ölkənin seçiciləri həll edir və Azərbaycan vətəndaşlarının bu prosesə təsir göstərmək imkanları yoxdur: "Biz arzu edərdik ki, Fransada elə bir siyasətiçi prezident olsun ki, o, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Mnks qrupunun həmsədrlərindən biri kimi həmsədrlərin qarşısında duran vəzifələrin həyata keçirilməsinə obyektiv prizmadan yanaşaraq prosesi irəli aparmağa, sürətləndirməyə nail olsun".
Millət vəkili vurğulayıb ki, Nikola Sarkozi yenicə prezident seçildiyinə görə onun gələcək fəaliyyəti haqqında hər hansı fikir söyləmək tezdir.
O qeyd edib ki, Sarkozi seçki kompaniyası dövründə Türkiyə ilə bağlı mövqeyini bildirsə də, Azərbaycanı narahat edən prolbemlərə konkret münasibətini açıqlamayıb: "Ona görə də Nikola Sarkozi konkret mövqeyini ortaya qoyana qədər onun hansı mövqedən çıxış edəcəyi barədə fikir söyləmək çətindir. Hesab edirəm ki, Fransa demokratik ənənələrə sahib olan dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün yaradılan Minsk qrupunun obyektiv prinsiplər əsasında fəaliyyət göstərməsinə öz tövhəsini verməyə çalışacaq. Əgər belə olmayacaqsa, onda Azərbaycan bəyan etdiyi prinsiplərin həyata keçirilməsi istiqamətində indən sonra da addımlar atacaq".
YAP-ın sədr müavini vurğulayıb ki, Minsk qrupu yalnız ədalət prinsipləri əsasında məsələnin həll olunmasına yanaşmalıdır. Onun fikrincə, münaqişənin həllinə başqa meyarlardan yanaşılacaqsa və bunun müəllifi Minsk qrupu olacaqsa, onda vasitəçilik missiyası iflasa uğrayacaq: "Hesab edirəm ki, Fransanın yeni prezidenti bu həqiqəti dərk edir və buna uyğun da fəaliyyət göstərəcək".