...

Azərbaycan Yolu Siyasi Hərəkatı mitinqə hazırlığı başa çatdırıb

Siyasət Materials 10 May 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) mayın 12-də Bakının "Ukrayna" meydanında keçirəcəyi mitinqə hazırlığı başa çatdırıb. Bu barədə cümə axşamı Bakıda AYSH sədri İlqar Qasımov məlumat verib.

O qeyd edib ki, aksiyada Tarif Şurasının enerji daşıyıçılarının qiymətlərinin artırılması haqqında qərarına etiraz bildiriləcək və Dağlıq Qarabağ problemi ilə bağlı şüarlar səsləndiriləcək.

Hərəkat rəhbəri vurğulayıb ki, aksiyada üç minə yaxın insanın iştirak edəcəyini gözləyirlər.

"Mitinqdə Azərbaycan Milli Demokrat, Liberal Demokrat partiyaları, "Bizim Azərbaycan" blokuna daxil olan partiyalar, bir sıra qeyri-hökumət təşkilatları iştirak edəcəklər" - deyə o əlavə edib.

Qasımovun sözlərinə görə, bölgələrdən aksiyada yalnız AYSH rayon təşkilatlarının sədrləri iştirak edəcəklər.

Hərəkat sədri deyib ki, Müsavat Partiyası mayın 27-nə planlaşdırdığı aksiyanın vaxtını ayın 20-nə dəyişib və bu onlarda təəccüb doğurub: "Bunun səbəbi bizə məlum deyil. Elə bir hadisə yoxdur ki, Müsavat Partiyası mitinqinin vaxtını dəyişsin. Hər halda biz çalışırdıq ki, aksiyanı elə bir vaxt keçirək ki, digər partiyalara mane olmayaq. İstəməzdik ki, aksiyalara siyasi təşkilatlar arasında aparılan rəqabət kimi baxılsın".

Onun sözlərinə görə, təşkil edəcəkləri mitinqdə iştirak etmələri üçün digər partiyalara müraciət etsələr də, onlardan heç bir cavab almayıblar.

Aksiyaların davamlı olub-olmayacağına gəlincə, hərəkat sədri vurğulayıb ki, onlar bundan sonra daha çox təşkilatlanma işlərinə diqqət yetirəcəklər.

Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə deyib ki, Müsavat Partiyası mayın 20-də ayrıca aksiya keçirməkdənsə, AYSH qoşulsun. Partiya sədri hesab edir ki, müxalifət partiyaları öz qüvvələrini bir-birinə qarşı çevirməməlidirlər.

Bakı Şəhər İcra Hakimiyyəti AYSH mayın 12-də, saat 16.00-da "Ukrayna" meydanında keçirəcəyi mitinqə icazə verib.

Müxalifəti təmsil edən sağ mərkəzçi AYSH-na Rusiya Ədliyyə Nazirliyinin generalı İlqar Qasımov rəhbərlik edir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı təmsil etdiyi partiyanın mayın 27-də keçirməyi planlaşdırdığı aksiyanın vaxtının dəyişdirilməsi haqqında deyilənləri təkzib edib.

Xəbər lenti

Xəbər lenti