...

Birinci vitse-spiker: "Hüseyn Abdullayevin deputat mandatını ləğv etmək MSK-nın və məhkəmənin səlahiyyətinə aid olan məsələdir"

Siyasət Materials 31 May 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Səbail rayon Məhkəməsinin qərarı ilə şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilən Hüseyn Abdullayevin deputat mandatınn ləğv olunması Mərkəzi Seçki Komissiyasının (MSK) və məhkəmənin səlahiyyətinə aid olan məsələdir.

Bu barədə cümə axşamı günü Bakıda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Əsgərov qeyd edib ki, Milli Məclis Hüseyn Abdullayevin deputat mandatının ləğv olunması məsələsinə baxmayacaq. Çünki parlamentin belə bir səlahiyyəti yoxdur.

Martın 16-da Milli Məclisdə deputat Hüseyn Abdullayevlə həmkarı Fəzail Ağamalı arasında əlbəyaxa dava baş verib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub və o, Səbail rayon Məhkəməsinin qərarı ilə şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib.

Milli Məclisin İntizam Komissiyası baş vermiş instendə görə, Ağamalıya töhmət verib.

Qanunvericiliyə görə, cinayət törətmiş və haqqında məhkəmə qərarı olan şəxs deputat ola bilməz.

Xəbər lenti

Xəbər lenti