...

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons Azərbaycana payızda səfər edəcək

Siyasət Materials 31 May 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons Azərbaycana payızda səfər etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Brüsseldən telefonla NATO-nun mətbuat katibi Simona Demanso məlumat verib.

Demansonun sözlərinə görə, Simons Cənubi Qafqaz regionuna ildə iki dəfə səfər edir. Yaz səfərində o, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Nazirlər Kabinetində milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar nazirləri ilə, Azərbaycan Dövlət Sərhəd Xidmətində, DİN Daxili qoşunlarında görüşlər keçirib. Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq, onun genişləndirilməsi yolları müzakirə olunub, həmçinin IPAP-ın həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

May ayının əvvəlində xarici işlər naziri Elmar Məmmədyarov bloka üzv ölkələrin səfirləri, NATO -nun baş katibi Alessandro Minuto-Risso ilə Azərbaycanda islahatların gedişatını müzakirə etmək üçün NATO-ya səfər etmişdi.

NATO-nun əsas rəhbər orqanı olan Şimali Atlantika Şurasının işçi sessiyası zamanı Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq planının birinci mərhələsinə qiymət verilib. Demanso qeyd edib ki, Azərbaycanın xarici işlər nazirinin NATO-ya səfəri çox məhsuldar olub. Danışıqlar NATO ilə fərdi tərəfdaşlıq planı çərçivəsində keçirilib və gələcəkdə də NATO Azərbaycanla öz əlaqələrinin inkişafına yardım edəcək.

Xəbər lenti

Xəbər lenti