...

Baş katib: "Bakı bəyannaməsi GUAM-ın Azərbaycanda keçiriləcək sammitində qəbul olunacaq"

Siyasət Materials 12 İyun 2007 17:18 (UTC +04:00)
Baş katib: "Bakı bəyannaməsi GUAM-ın Azərbaycanda keçiriləcək       sammitində qəbul olunacaq"

Ukrayna, Kiyev /xüsusi müxbir Trend E.Hüseynov/ GUAM-ın Azərbaycandakı sammitində qəbul ediləcəyi gözlənilən Bakı bəyannaməsi əsas siyasi sənəd olacaq. GUAM sammiti iyunun 19-da Bakıda planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend in xüsusi müxbirinə Kiyevdə GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) baş katibi Valeri Çeçelaşvili məlumat verib.

GUAM formatı (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 1997-ci ildə yaradılıb. GUAM beynəlxalq təşkilat statusunu 2006-cı ildə Ukraynada keçirilən ilk sammitində alıb. Bakıdakı sammit qurumun sayca ikinci sammiti olacaq.

"Düşünürəm ki, prezidentlər Bakı bəyannaməsində ilk növbədə artıq GUAM çərçivəsində edilənlərə siyasi qiymət verəcəklər və müvafiq olaraq gələcəklə bağlı öz məsləhətlərini, əməkdaşlıq baxışlarını bölüşəcəklər" - deyə Çeçelaşvili bildirib.

Baş katib gələn il Azərbaycanın GUAM-da sədrlik proqramının qəbulunu çox vacib məsələ kimi dəyərləndirib. "Bütün tədbirlər və sədrlik planı razılaşdırılacaq və biz GUAM-ın Tbilisidə keçiriləcək sammitinə qədər dəqiq fəaliyyət planına malik olacağıq" - deyə o əlavə edib.

Çeçelaşvilinin sözlərinə görə, sammitdə və sahə işçi qruplarının iclaslarında, Milli Koordinatorlar Komitəsində, xarici işlər nazirləri Şurasında problemlərin (siyasi, iqtisadi, mədəni-humanitar) bütün spektri ilə bağlı qərarlar qəbul ediləcək. "Yəni bizdə GUAM-ın həm sahə, həm institusional planda, GUAM formatında əməkdaşlıq sisteminin institualizasiyasının yaxşılaşdırılması ilə bağlı gələcək inkişaf proqramı olacaq" - deyə o vurğulayıb.

Bundan əlavə bir sıra konkret sənəd imzalanacaq. Məsələn, ikisi daha vacib olacaq -radiasiya təhlükəsizliyinin təminatı və multimodal nəqliyyat daşımaları sahəsindəki əməkdaşlığa dair sazişlər. GUAM-ın gələcək institualizasiyası sahəsində qurum daxilində imtiyazlar və toxunulmazlıqlar haqda saziş imzalanacaq.

GUAM baş katibi ümidvar olduğunu bildirib ki, sülhməramlı kontingentin yaradılması məsələsi 16-17 iyunda Bakıda Milli Koordinatorlar Komitəsində keçiriləcək müzakirələrin predmeti olacaq.

"Məsələnin iyunun 18-də xarici işlər nazirləri Şurasının, sonra isə dövlət başçıları Şurasının müzakirəsinə çıxarılıb-çıxarılmaması isə müzakirələrimiz əsnasında məlum olacaq. Əminəm ki, sammit çərçivəsində qəbul ediləcək sənədlər GUAM-ın irəliləməsinə ciddi təsir göstərəcək" - deyə Çeçelaşvili fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti