...

İctimai-siyasi qurumların toplantısında növbəti dəfə Qarabağa dair təkliflər sənədi hazırlanacaq

Siyasət Materials 19 İyun 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək Qarabağa dair toplantıda təkliflər sənədi hazırlanacaq. Bu barədə İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

İttifaqın təşkilatçılığı ilə iyulun 2-də Bakının Beynəlxalq Mətbuat Mərkəzində "Qarabağ probleminin həlli elmi müstəvidə" mövzusunda Dəyirmi masa keçiriləcək. Təşkilat tərəfindən hazırlıq işləri aparılır, dəvətlilərin siyahısı isə artıq hazırlanıb. Dəyirmi masada iştirak üçün iqtidarı təmsil edən YAP da daxil olmaqla, siyasi partiyaların rəhbərlərinə, ekspertlərə, Qarabağ yönümlü təşkilatların, həmçinin Xarci İşlər Nazirliyinin, Prezident Aparatının nümayəndələrinə dəvət göndəriləcək.

İttifaqın bundan əvvəl təşkil etdiyi Qarabağ Forumunda münaqişənin həllinə dair təkliflər sənədi hazırlanmışdı. Bu dəfəki Dəyirmi masanın yekununda da irəli sürülmüş fikir və təkliflər ümumiləşdirilərək müraciət və ya təkliflər sənədi formasında ictimaiyyətə təqdim ediləcək.

Demokratiya Uğrunda İttifaq müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti