...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Siyasət Materials 22 İyun 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi zərərçəkənlərin ifadələri ilə davam etdi.

Günün birinci yarısı 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə 27 zərərçəkən dindirilib. Biləsuvar, Beylaqan, Ağdam, Ağsu və Salyandan olan dindirilmiş zərərçəkənlər, əsasən Çernobıl və Qarabağ əlilləri və onların ailə üzvləri məhkəmə ifadələrində bildirdilər ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün yerli banklara müraciət etsələr də, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərərçəkmişlər ifadələrində göstərdilər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhqir hesab etdikləri üçün pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər ifadələrinin sonunda keçmiş iqtisadi inkişaf naziri Əliyev tərəfindən mənimsənildiyi göstərilən özəlləşdirmə paylarını tələb ediblər.

Zərərçəkmişlər dindirilərkən F.Əliyev məhkəmədən söz alaraq bildirib ki, vətandaşlar öz haqlarını düzgün olaraq tələb edirlər və o da vətandaşlara verilməyən özəlləşdirmə paylarının hansı istiqamətə sərf edilməsinin məhkəmədə araşdırılmasının tərəfdarıdır. Sonra F.Əliyevin vəkili Elton Quliyev vəsatət qaldıraraq 2004-cü ildə çek alarkən qeydiyyata götürülmüş vətandaşların siyahısının müvafiq qurumlardan alınmasını xahiş edib. Məhkəmə isə vəsatəti hələlik baxılmamış saxlayıb.

Məhkəmə ayın 25-də zərərçəkənlərin ifadələri ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti