...

AŞPA AYİB-i Cənubi Qafqazda transsərhəd investisiya layihələrini genişləndirməyə çağırıb

Siyasət Materials 27 İyun 2007 11:35 (UTC +04:00)
AŞPA AYİB-i Cənubi Qafqazda transsərhəd investisiya layihələrini genişləndirməyə çağırıb

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Avropa Yenidənqurma və İnkişaf Bankını (AYİB) Cənubi Qafqaz regionunda transsərhəd investisiya layihələrini genişləndirməyə çağırıb. İTAR-TASS-ın yaydığı məlumata görə, bu barədə AŞPA-nın "AİYB: Şərqi və Cənub-Şərq Avropaya diqqət" adlı hesabatında bildirilir.

"Cənubi Qafqaz regionunda son illərdə iqtisadiyyatın əsaslı artımı müşahidə olunur və iqtisadi islahatların birinci mərhələsinin yekununa doğru irəliləmə gedir" - deyə sənəddə vurğulanır.

Eyni zamanda AŞPA deputatları regionda mövcud siyasi qeyri-sabitliyi, demokratik institutların inkişaf etmədiyini və hüquqi dövlətin zəifliyini, korrupsiya hallarını, habelə rəqabət və maliyyə bazarları sahələrində problemləri önə çəkiblər.

Bu kontekstdə Assambleya AYİB-i region ölkələrində işini daha da aktivləşdirməyə və keçid iqtisadiyyatının ilkin mərhələsində olan ölkələr üçün təşübbüs çərçivəsində regionla əməkdaşlığın genişləndirilməsi məqsədilə səylərini artırmağa çağırıb.

Deputatların fikrincə, bankın bu cür fəaliyyəti regionda siyasi və iqtisadi sabitliyin bərqərar olmasına xidmət edəcək.

Assambleya AŞ və AİYB-in "Kiyev təşəbbüsü" adlı regional proqrama qoşulmasını dəstəkləyib. Bu proqram dayanıqlı sosial-iqtisadi inkişaf yolu ilə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada vətəndaş cəmiyyətlərinin inkişafına yönəlib.

Xəbər lenti

Xəbər lenti