...

Müxalifət liderləri Azərbaycanın sosial-iqtisadi problemlərini müzakirə edəcək

Siyasət Materials 10 İyul 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir neçə müxalifət partiyasının təmsil olunduğu məşvərət qurumu bu günlərdə toplanaraq Azərbaycanın sosial-iqtisadi problemlərini müzakirə edəcək. Bu barədə məşvərət qurumunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.

Müxalifətin yeni məşvərət qurumunda ADP, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Müsavat, Tərəqqi partiyaları və politoloq Eldar Namazov təmsil olunur.

ADP sədrinin sözlərinə görə, sosial-iqtisadi problemlərə dair müzakirələrin yekununda birgə bəyanat qəbul edilə bilər. Toplantı ASDP-nin qərargahında olacaq.

Cəlaloğlu bildirib ki, məşvərət qurumunda birləşən altı siyasi lider arasında bir sıra məsələlərə dair razılıq əldə olunub: "Bu məşvərət qurumu fərqli siyasi mövqeləri olan partiyaların birliyidir və hazırda ən optimal əlaqələndirmə vasitəsidir. Lakin fikir müxtəlifliyinə baxmayaraq, bu siyasi qüvvələr informasiya mübadiləsi, məsləhətləşmələr aparılması, mövqelərin aydınlaşdırılması və uzlaşdırılması, gələcəkdə ümummilli problemlərə dair birgə mövqedən çıxış etmək kimi məsələlərdə razılığa gəliblər" - deyə ADP sədri məlumat verib. O əlavə edib ki, daha ciddi proseslər, məsələn, qarşıdan gələn prezident seçkiləri zamanı bu partiyaların mövqeləri daha da aydınlaşacaq və onda məşvərət qurumunun hansı xarakterli birlik olacağına dair qərar veriləcək.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti