...

İqbal Ağazadə: "Seçki Məcəlləsinə dəyişikliklər layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasını tələb edəcəm"

Siyasət Materials 16 İyul 2007 12:37 (UTC +04:00)
İqbal Ağazadə: "Seçki Məcəlləsinə dəyişikliklər layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasını tələb edəcəm"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair hazırladığı qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasına çalışacaq. Bu barədə partiyanın sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

Ümid Partiyası hazırladığı təkliflər layihəsində Mərkəzi Seçki Komissiyasının (MSK) paritet əsasda - 9 nəfər hakim partiyanın, 9 nəfər müxalifət partiyaların nümayəndələrindən ibarət formalaşdırılmasını təklif edir.

Ağazadə bildirib ki, seçki komissiyalarının son parlament seçkilərində iştirak etmiş partiyaların nümayəndələrindən ibarət bərbərlik prinsipi ilə formalaşdırılması ən optimal varinatdır: "Təklif edirik ki, seçki komissiyalarında doqquz yerə hakim Yeni Azərbaycan Partiyası və ona yaxın olan Ana Vətən Partiyasının nümayəndələri, qalan doqquz yerə son parlament seçkisində iştirak etmiş müxalifət partiyaları seçilsin. Həmin müxalifət partiyalarının sayı səkkizdir - ADP, AMİP, AXCP, ASDP, ALP, VHP, Müsavat, Ümid partiyaları. Bu partiyalar seçkidə müəyyən faiz səs qazanıblar və nümayəndələri parlamentə seçilib" - deyə Ağazadə bildirib.

Ümid Partiyası təklif edir ki, doqquz yerə bu müxalifət partiyalarından bir nəfər, boş qalan bir yerə onlar arasında razılaşma yolu ilə bir nümayəndə irəli sürülməlidir. Həmçinin digər doqquzluğa isə səkkiz nəfər YAP-ın, bir nəfər AVP-nin nümayəndəsinin verilməsi təklif olunur.

Ağazadənin sözlərinə görə, partiyanın təkliflər layihəsi bu həftə beynəlxalq təşkilatlara, bütün siyasi partiyalara, hökumət orqanlarına, həmçinin Milli Məclisin müvafiq komissiyalarına təqdim olunacaq. Ağazadə qeyd edib ki, layihənin Milli Məclisdə müzakirəyə çıxarılmasını tələb edəcək.

Müxalifəti təmsil edən Ümid Partiyası 1993-cü ildə yaradılıb. 2002-ci ildə Vətəndaş Birliyi Partiyası (VBP) Ümid Pariyasına birləşib. VBP-nin sədri olmuş Ağazadə birləşmədən sonra Ümid Partiyasına sədr seçilib. Ağazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti